SİYASƏT
ABŞ PREZİDENTİ CORC BUŞ 907-Cİ DÜZƏLİŞİN QÜVVƏSİNİN DAYANDIRILMASI HAQQINDA SƏNƏDLƏRİ İMZALAMIŞDIR
Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Corc Buş yanvarın 10-da xarici əməliyyatlar üçün büdcə təxsisatı haqqında qanun layihəsini imzalamış, beləliklə, Prezidentə 907-ci düzəlişin dayandırılmasına dair səlahiyyət verilməsi barədə müddəa bu qanun çərçivəsində qüvvəyə minmişdir.
Yanvarın 25-də Prezident Corc Buş Konqresin ona verdiyi səlahiyyətdən istifadə edərək, “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin qüvvəsinin dayandırılması haqqında müvafiq sənədləri imzalamışdır. Sənədlər qanunvericiləri xəbərdar etmək üçün Konqresə göndərilmişdir. Bununla da 1992-ci ildən bəri Amerika hökumətinin Azərbaycana birbaşa yardımına qoyduğu qadağalar ilk dəfə olaraq dayandırılmışdır.
Xatırladaq ki, Azərbaycana qarşı qadağaları götürmək haqqında təşəbbüs Kanzas ştatından senator cənab Sem Braunbək tərəfindən irəli sürülmüşdü. 2002-ci maliyyə ilinin büdcə qanunu çərçivəsində Konqresin hər iki palatasının qızğın müzakirələrindən keçən layihə, erməni lobbisinin fəal səylərinə baxmayaraq, qanun şəklini almışdır.
Şəfəq Akifqızı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton