DÜNYA
ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi
Bakı, 20 dekabr, AZƏRTAC
ABŞ Prezidenti Barak Obama Rusiyaya qarşı yeni sanksiyalar barədə sərəncam imzalayıb. Ağ evin xüsusi bəyanatında sənədin Krım yarımadasına Amerika məhsulları və texnologiyalarının satılmasına, xidmət göstərilməsinə qadağa qoyduğu bildirilir. Bundan başqa, Krımdan Amerikaya mal idxalı və yarımadaya investisiya yatırılması da qadağan edilib.
AZƏRTAC Vesti.ru saytına istinadla xəbər verir ki, Krımdakı bəzi şəxslərə və təşkilatlara da sanksiya tətbiq edilib. Onların siyahısı ABŞ-ın Maliyyə Nazirliyi tərəfindən dərc olunub. Siyahıya ümumilikdə Ukrayna və Rusiya vətəndaşı olan 24 separatçı lider, 1 maliyyəçi, həmçinin onların rəhbərlik etdiyi silahlı dəstələr və təşkilatlar daxildir.
Qeyd edək ki, ABŞ Krımın mart referendumu nəticəsində Rusiyanın tərkibinə keçməsini tanımır və bu ölkəni Ukraynanın daxili işlərinə qarışmaqda ittiham edir. Moskva isə öz növbəsində bu ittihamlarla razılaşmır və Krımın referendum nəticəsində Rusiyanın tərkibinə keçməsini diqqətə çatdırır.