ABŞ Sakit Okeanda neft-qaz axtaracaq
Bakı, 5 yanvar, AZƏRTAC
ABŞ hökuməti ölkənin açıq dənizdə neft və təbii qaz axtarış-istehsal fəaliyyətlərinə icazə verməyə hazırlaşır.
AZƏRTAC xəbər verir ki, hökumət ölkənin açıq dənizdə neft və təbii qaz axtarış-istehsal fəaliyyətlərinə icazə vermək üçün bir plan hazırlandığını açıqlayıb. ABŞ dəniz sularında neft-qaz quyularının qazılmasını nəzərdə tutan plan uzun illərdən bəri qadağan edilən Sakit Okeanda da qazma əməliyyatları aparmağı əhatə edir.
ABŞ-ın Daxili İşlər Nazirliyindən edilən şərhdə, Sakit Okean və Atlantik Okeanı ilə Meksika körfəzi sahillərində neft-qaz axtarışı, qazma və istehsalına icazə üçün 5 illik plan hazırlandığı bildirilib. Bu plan çərçivəsində ABŞ-ın federal sahillərinin və açıq dənizin 90 faizdən çoxunun 2019-2024-cü illəri əhatə edən dövrdə neft-qaz axtarış-istehsal və qazma fəaliyyətlərinə icazə verilməsi nəzərdə tutulur.
Bu bölgələrdə enerji şirkətləri icarə müqaviləsi yolu ilə neft-qaz axtara və istehsal edə biləcək. Plan üzrə Alyaska sahillərində 19, Sakit Okeanda 7, Atlantik Okeanda 9 və Meksika Körfəzi sahillərində isə 12 bölgədə neft-qaz axtarışı və istehsalı həyata keçirmək mümkün olacaq.
ABŞ daxili işlər naziri Ryan Zinke deyib: “Enerji resurslarımızı etibarlı və qaydalara uyğun şəkildə inkişaf etdirmək iqtisadiyyatımız və enerji təhlükəsizliyimiz baxımından əhəmiyyətlidir”.
Plan yanvarın 16-dan etibarən ABŞ ictimaiyyəti, şirkətlər və təşkilatlar üçün müzakirəyə çıxarılacaq.
Qeyd edək ki, ABŞ-ın eks-prezidenti Barak Obama 2016-cı ilin dekabrında Şimal qütbü və Antarktidada qazma fəaliyyətlərini müddətsiz olaraq qadağan etmişdi.