DÜNYA
ABŞ Senatına birbaşa prezident seçkiləri barədə qanun layihəsi təqdim olunub
Bakı, 17 noyabr, AZƏRTAC
Kaliforniya ştatından olan senator-demokrat Barbara Bokser prezident seçkilərində tətbiq olunan seçənlər kollegiyası institutunun ləğvini nəzərdə tutan qanun layihəsini ABŞ Senatının müzakirəsinə təqdim edib. Müəllifin fikrincə, mövcud seçki sistemi artıq köhnəlib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, noyabrın 8-də ABŞ-da keçirilən prezident seçkiləri bununla bağlı köhnə mübahisələri yenidən gündəmə gətirib. Belə ki, seçkilərin ilkin nəticələrinə görə, Respublika Partiyasının namizədi seçənlərin 290 səsini toplayıb. Demokratların namizədi Hillari Klinton isə 232 səs qazansa da, onu rəqibinə nisbətən təxminən 1 milyon artıq seçici dəstəkləyib. Əgər seçənlər kollegiyası institutu olmasaydı, ABŞ-ın yeni prezidenti məhz xanım Klinton seçiləcəkdi.
Son günlər Amerikanın bir çox şəhərində Trampın qələbəsi əleyhinə keçirilən çoxsaylı etiraz aksiyalarının iştirakçıları ölkənin seçki sistemindəki məhz bu təzada işarə edirlər.
Yerli şərhçilərin fikrincə, təklif edilən qanun layihəsinin hər iki palatasına Donald Trampın partiyasının nəzarət etdiyi Konqres tərəfindən qəbul edilməsi şansları demək olar ki, yoxdur. Digər tərəfdən, həmin təşəbbüs qanunvericilər tərəfindən dəstəklənsə belə, layihə Amerika ştatlarının 3/4-ü tərəfindən qəbul olunmalıdır. Burada söhbət ölkə konstitusiyasına düzəlişdən gedir və bu proses isə azı 7 il vaxt aparır.
ABŞ-da seçənlər institutunun məqsədəuyğunluğu barədə sonuncu müzakirələr kiçik Corc Buşun seçənlərin səs çoxluğu ilə qalib gəldiyi 2000-ci il seçkilərindən sonra aparılmışdı. Həmin vaxt Buşun rəqibi – demokrat Albert Qor seçicilərin üstün dəstəyini qazanmışdı.
Donald Tramp rəqibinə nisbətən seçicilərin daha az səsini toplayaraq ABŞ prezidenti seçilən beşinci namizəddir.