DÜNYA
ABŞ Silahlı Qüvvələri Mosul uğrunda döyüşlərdə ilk itki verib
Bakı, 21 oktyabr, AZƏRTAC
ABŞ Silahlı Qüvvələri Şimali İraqda yerləşən Mosul şəhəri uğrunda gedən döyüşlərdə ilk itkisini verib.
AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, oktyabrın 20-də amerikalı hərbçi yolda yerləşdirilmiş əldəqayırma minaya düşərək həlak olub.
ABC News telekanalının məlumatına görə, bu Mosul uğrunda başlayan əməliyyatlarda həlak olan ilk, İŞİD qruplaşması ilə mübarizədə isə həyatını itirən dördüncü amerikalı hərbçidir.
Xatırladaq ki, Mosulun uğrunda irimiqyaslı əməliyyatlar oktyabrın 17-də səhər saatlarında başlayıb. Əməliyyatlarda hökumət qüvvələri ilə yanaşı, kürd birləşmələri, həmçinin beynəlxalq antiterror koalisiyası da iştirak edir. İraqın ən böyük ikinci şəhəri olan və 1,3 milyon insanın yaşadığı Mosul iki ildən artıqdır ki, İŞİD terror qruplaşmasının nəzarəti altındadır.
Son məlumata əsasən, İraq ordusu şəhər ətrafındakı 30-dək yaşayış məntəqəsini azad edib. Qruplaşmanın canlı qüvvə və texnika sarıdan ciddi itkilər verdiyi bildirilir. Bir qədər əvvəl İŞİD liderlərinin Mosuldan Suriyanın Rakka şəhərinə yerdəyişməsi barədə məlumatlar yayılmışdı.