DÜNYA
ABŞ: Yanacaq kəmərində partlayış benzinin bahalaşmasına səbəb olub
Bakı, 1 noyabr, AZƏRTAC
Noyabrın 1-də Alabama ştatında yanacaq kəmərində baş verən partlayış xəbərindən sonra ABŞ-da benzinin qiyməti rekord templə bahalaşmağa başlayıb.
AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, NYMEX birjasında benzinin dekabr fyuçerslərinin qiyməti 15 faiz bahalaşaraq iyun ayından bəri maksimal həddə - qallonu 1,6351 dollara çatıb.
Neft emalı müəssisələrinin aksiyalarında da qiymət artımı müşahidə olunur. “Phillips 66” kompaniyasının qiymətli kağızları 1,7 faiz, “Valero Energy” və “Marathon Petroleum” kompaniyalarının qiymətli kağızları isə müvafiq olaraq 0,3 və 0,9 faiz bahalaşıb.
“Colonial Pipeline” kompaniyasının benzin və dizel yanacağı kəmərində baş verən partlayış nəticəsində 1 nəfər həlak olub, 7 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Partlayışın ardından meydana gələn yanğın 13 hektar meşə sahəsini məhv edib.