DÜNYA
ABŞ, Yaponiya və Cənubi Koreya birgə hərbi təlimlərə başlayıblar
Tokio, 14 mart, AZƏRTAC
Martın 14-də ABŞ, Yaponiya və Cənubi Koreya Şimali Koreyanın raketlərindən müdafiə məqsədilə üçtərəfli hərbi təlimlərə başlayıblar.
Təlimlər Şimali Koreya tərəfindən ABŞ-ın Yaponiyadakı hərbi bazalarını vurmaq üçün ballistik raketlərin sınağından bir neçə gün sonra keçirilir. Martın 6-da buraxılan həmin raketlərdən üçü Yaponiyaya məxsus iqtisadi zonanın yaxınlığında dənizə düşüb.
Təlimlərdə Cənubi Koreyaya məxsus “Aegis” qabaqcadan xəbərvermə sistemi ilə təchiz olunmuş üç esmines, ABŞ-ın “Curtis Wilbur” esminesi və Yaponiyanın “Kirişima” gəmisi iştirak edir.
İndiyədək Yaponiya, ABŞ və Cənubi Koreya ötən ilin iyununda, noyabrında və cari ilin yanvarında üç belə təlim keçiriblər.
Kyodo agentliyinin yaydığı məlumata əsasən, Yaponiya Balıqçılıq İşləri İdarəsi Şimali Koreya tərəfindən buraxılan raketlər dənizə düşdükdən yalnız 20 dəqiqə sonra ətrafdakı gəmilərə xəbərdarlıq göndərib. Bu, ABŞ-ın Yaponiyaya “PAC-3” raket vurucuları və qabaqcadan xəbərdarlıq sistemləri satdıqdan sonra baş verib.
Hazırda ABŞ və Cənubi Koreya birlikdə Şimali Koreyaya qarşı “Key resolve” və “Foal Eagle” təlimlərini keçirirlər. Pxenyan həmin təlimləri Koreya yarımadasında nüvə müharibəsinə başlamaq üçün əsas məşq, eyni zamanda, nüvə və raket potensialını artırmaq üçün bəhanə kimi qiymətləndirir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio