DÜNYA
ABŞ Yəmən sahillərinə hərbi gəmilər göndərib
Bakı, 21 aprel, AZƏRTAC
Pentaqon Yəmən sahillərinə ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus təyyarədaşıyan gəmi və raket kreyseri göndərib.
AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, məlumatda təyyarə daşıyan “Teodor Ruzvelt” gəmisinin və “Normandiya” raket kreyserinin aprelin 19-da Fars körfəzindəki bazalarını tərk edərək Hörmüz boğazından Ərəb dənizinə daxil olduğu deyilir.
Həmçinin bu gəmilərin Ərəb dənizində, Ədən körfəzində Bab-əl-Məndəb boğazında və Qırmızı Dənizin cənub hissəsində vacib nəqliyyat marşrutlarının təhlükəsizliyinin təmin olunması əməliyyatlarına cəlb olunacağı qeyd olunur.
Pentaqon nümayəndələri Yəməndə davam edən qeyri-stabil vəziyyətlə əlaqədar olaraq son zamanlar regionda ABŞ hərbi donanmasının gücləndirildiyini bildiriblər. Bununla yanaşı, ABŞ-ın hərbi rəhbərliyi “Ənsar Allah” hərəkatının tərəfdarları, husi-şiə üsyançılarına silah aparan İrana məxsus bütün gəmilərin saxlanılacağı barədə Amerika mətbuatında yayılan informasiyaları təkzib edib.