DÜNYA
ABŞ-a məxsus esmineslə toqquşan Filippinin ticarət gəmisi avtomat idarəetmə sistemi ilə hərəkət edirmiş
Tokio, 24 iyun, AZƏRTAC
Filippinin Yaponiya sahillərində ABŞ hərbi-dəniz qüvvələrinə məxsus “Fitzgerald” esminesi ilə toqquşan “ACX Crystal” ticarət gəmisi müəyyən edilmiş istiqamətdə avtomat idarəetmə sistemi vasitəsilə hərəkət edirmiş.
AZƏRTAC xəbər verir ki, bu barədə “The Washington Free Beacon” şəbəkə nəşri məlumat yayıb.
Məlumatda qeyd edilir ki, Filippin bayrağı altında üzən gəmi toqquşma məqamında kompüterləşdirilmiş naviqasiya sisteminin nəzarəti altında olub. Belə bir nəticəyə hadisənin baş verməsi səbəblərini araşdıran ABŞ hərbi-dəniz qüvvələri gəlib. Müstəntiqlər toqquşmanın məqsədli şəkildə törədilməsini təsdiq edən heç bir sübut tapa bilməyiblər. Lakin gəminin kompüter sisteminin sındırılması və birbaşa esminesin üzərinə yönəildilməsinin mümkünlüyü barədə də fərziyyə irəli sürülür.
Təhqiqatın nəticələrinə görə, gəminin heyəti esmineslə toqquşma baş verdiyini həmin an anlamayıb. Öz yoluna davam edən ticarət gəmisi yalnız müəyyən vaxt keçdikdən sonra hadisə yerinə qayıdıb.
Təhqiqata yalnız bir neçə ay sonra son veriləcəyi bildirilir. ABŞ hərbi-dəniz qüvvələri həm də esminesin radarlarının və sensorların ticarət gəmisini vaxtında qeydə almamasının səbəblərini də araşdırır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio