DÜNYA


ABŞ-a məxsus esmineslə toqquşan konteyner daşıyan gəmi xəsarət almayıb

Tokio, 17 iyun, AZƏRTAC 

İyunun 17-də gecə Yaponiya sahillərində ABŞ Hərbi-Dəniz Qüvvələrinə məxsus “USS Fitzgerald” esminesi ilə toqquşan Filippin bayrağı altında üzən “ACX Crystal” konteyner gəmisinin 20 nəfər heyət üzvündən heç biri xəsarət almayıb.

Bu barədə Kyodo agentliyi həmin gəmini icarəyə götürmüş Yaponiyanın “Nippon Yusen” şirkətinə istinadla məlumat yayıb.

Esmines və konteyner daşıyan gəminin İrozaki burnundan təqribən 20 kilometr məsafədə, İzu yarımadasının cənubda toqquşduğu bildirilir. “Fitzgerald” esminesi hadisə yerindən 100 kilometr məsafədə yerləşən Yokosuka hərbi bazasının qeydiyyatındadır. Qəza nəticəsində esminesin yeddi dənizçisinin itkin düşdüyü və üç nəfərin xəsarət aldığı bildirilir. ABŞ Silahlı Qüvvələrinin Sakit okean komandanlığının rəsmi nümayəndəsinin bildirdiyinə görə, xəsarət alanlardan biri esminesin komandiri Brays Benson Yokosukadakı hərbi hospitala yerləşdirilib.

Yaponiya Sahil Mühafizəsinin beş kateri və bir aviasiya texnikası hadisə yerində axtarış-xilasetmə əməliyyatı aparır və qəzanın baş vermə səbəblərini araşdırır.

NHK telekanalına məxsus helikopterin çəkdiyi kadrlardan esminesin sağ göyərtəsinin ciddi xəsarət aldığı aydın görünür. Konteyner daşıyan gəminin isə sol burun hissəsi zədələnib. Hadisənin necə baş verdiyi araşdırılır.

ABŞ-a məxsus esminesin uzunluğu 154 metr, su tutumu 8315 tondur. Daha böyük olan konteyner gəmisinin uzunluğu isə 222,6 metr, su tutumu 29 min tondur.

Hadisənin baş verdiyi ərazi gəmilərin sıx hərəkət etdiyi rayondur. Hər gün buradan Tokio körfəzinə gedən təqribən 400 yük gəmisi keçir. Verilən məlumata görə, konteyner gəmisi Tokiodan Naqoyaya gedirmiş.

Göyərtəsində “Aegis” müşahidə və izləmə sistemi olan “USS Fitzgerald” esminesi isə bu yaxınlarda Yapon dənizində keçirilən təlimlərdən qayıdırmış. KİV-lərdə yer alan məlumata görə, esminesin silah potensialında “Tomahawk” qanadlı raketləri də var.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.