CƏMİYYƏT
ABŞ alimləri: Soya yağı kütləvi piylənməyə səbəb ola bilər
Bakı, 31 iyul, AZƏRTAC
Soya yağı şirin içkilər və ya kokos yağı ilə müqayisədə daha çox piylənməyə gətirib çıxara bilər. Bu barədə “PLOS One” jurnalında dərc olunmuş məqalədə bildirir.
AZƏRTAC Rusiyanın “AİF” saytına istinadla xəbər verir ki, ABŞ alimləri siçanlar üzərində apardıqları müşahidələrdən sonra bu qənaətə gəliblər.
Gəmiricilər üç qrupa bölünüb. Onların hamısına eyni miqdarda qida məhsulları verilib. Yağların faizi də təxminən eyni olub. Birinci qrupda olan siçanlar soya yağı, ikinci qrupda olanlar kokos yağı, üçüncü qrupda olanlar isə digər yağları qəbul edib. Nəticədə soya yağı yeyən siçanlar daha güclü olub. Bu gəmiricilər digər qrupda olanlara nisbətən 25 faiz artıq çəki yığıb.
Əldə olunan məlumatlar əsasında alimlər bildiriblər ki, ABŞ-da kütləvi piylənmənin başlıca səbəblərindən biri soya yağı ola bilər.