İQTİSADİYYAT
ABŞ-da Azərbaycanın yüksək texnologiyalar sahəsindəki imkanlarının təqdimatı olub VİDEO
Vaşinqton, 31 iyul (AZƏRTAC). Amerika-Azərbaycan Ticarət Palatası “Microsoft” şirkətinin Vaşinqtondakı İnnovasiyalar və Tənzimləmə Mərkəzində “Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları sənayesi – informasiya cəmiyyəti quruculuğu” mövzusunda brifinq keçirib.
“Microsoft” şirkətinin sponsorluq etdiyi tədbirdə çıxış edən Amerika-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Süsən Sadıqova son illər Azərbaycanın qazandığı uğurlardan və ölkənin informasiya-kommunikasiya texnologiyaları sahəsindəki böyük potensialından bəhs edib. O, auditoriyaya “Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf konsepsiyası, ölkənin investisiya imkanları, kosmik sənayenin inkişafı, Azərbaycanın yüksək texnologiyalar parkı, Transavrasiya yüksək sürətli informasiya magistralı (TASIM) və s. layihələr barədə məlumat verib. Sonra Bakı ilə videobağlantı yaradılıb.
Videobrifinqin əsas məruzəçisi – Azərbaycanın rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə nazirliyin yeni məqsəd və vəzifələrindən söhbət açıb, o cümlədən mikro-, nano-, bio-, kosmik və nüvə texnologiyalarının inkişaf etdirildiyini və tamamilə informasiya cəmiyyətinə keçildiyini xüsusi vurğulayıb.
Azərbaycanın yüksək texnologiyalar parkının rəhbəri Seymur Ağayev biliklərə əsaslanan iqtisadiyyata keçmək üçün görülən tədbirlər barədə məlumat verib. O qeyd edib ki, yüksək texnologiyalar parkı Pirallahı adasında 50 hektarlıq ərazidə yaradılacaq “Qızıl üçbucağın” əsas elementlərindən biridir. Burada yüksək texnologiyalı şirkətlər, elmi-tədqiqat mərkəzləri, ekoloji cəhətdən təmiz istehsal obyektləri fəaliyyət göstərəcəkdir.
Azərbaycan Respublikası İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktorunun müavini Azər Bayramov təmsil etdiyi qurumun əsas məqsədlərindən, habelə sahibkarlığa maliyyə dəstəyindən, informasiya-kommunikasiya texnologiyaları sahəsinə yerli və xarici investisiyaların cəlb edilməsindən söhbət açıb.
Daha sonra Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Tədqiqatlar və Yüksək Texnologiyaların İnkişafı Mərkəzinin direktoru Sevda Abdullayeva çıxış edib. O bildirib ki, mərkəz 2009-cu ildə tədqiqatlar aparılması və informasiya-kommunikasiya texnologiyaları sahəsində inkişafa kömək göstərilməsi üçün yaradılıb. S.Abdullayeva qeyd edib ki, nazirlik və ümumiyyətlə, ölkə rəhbərliyi üçün prioritet - bio- və nanotexnologiyaların inkişafıdır.
Növbəti panelçi - “Azərkosmos” rəhbərinin satış və marketinq üzrə müavini Ruslan Əliyev Şərqi Avropa, Qafqaz, Mərkəzi Asiya və Şimali Afrikanı əhatə edən, verilişləri, internetə girişi, məlumatların ötürülməsini, peyk rabitəsi olan kiçik stansiyalar üçün çoxxidmətli şəbəkələrin yaradılmasını təmin edən Azərbaycanın “Azerspace-1” ilk peykinin orbitə buraxılmasının əhəmiyyətini vurğulayıb. O, layihənin Amerika institutları ilə sıx əməkdaşlıq şəraitində həyata keçirildiyini xüsusi qeyd edib.
Panelin yekun hissəsində Transavrasiya yüksək sürətli informasiya magistralı (TASIM) layihəsinin direktoru Zaur Həsənov məruzə edərək layihənin konsepsiyasından, onun regional və qlobal kommunikasiyaların yaxşılaşdırılmasına, kommunikasiya marşrutlarının şaxələndirilməsinə, rəqəmsal maneələrin qurulmasına yönəldilmiş missiyasından söhbət açıb. O, bu strateji layihənin həm region dövlətləri üçün, həm də layihənin iştirakçısı olan bütün ölkələr üçün əhəmiyyətli olduğunu vurğulayıb. Z.Həsənov Amerika şirkətlərini layihədə podratçı kimi iştirak etməyə çağırıb.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton