DÜNYA


ABŞ-da Klinton ilə Tramp arasında ikinci teledebat keçirilib

A+ A

Vaşinqton, 10 oktyabr, AZƏRTAC

ABŞ prezidentliyinə namizədlər – Demokratlar Partiyasının nümayəndəsi Hillari Klinton və Respublikaçılar Partiyasını təmsil edən Donald Tramp arasında ikinci teledebat keçirilib. Tədbir Missuri ştatının Sent-Luis şəhərindəki Vaşinqton Universitetində “town-holl” (“şəhər malikanəsi”) formatında təşkil edilib. Namizədlərə sualların yarısını onların qarşısında əyləşən auditoriyadakı adamlar, digər yarısını sosial şəbəkələr vasitəsilə moderatorlar və vətəndaşlar verirdi. Trampın 11 il bundan əvvəl audioplyonkaya yazılmış çıxışında qadınlar barəsində söylədiyi nalayiq sözlər, ölkənin sosial problemləri, ABŞ-da islamofobiya məsələsi, Suriyada və bütövlükdə Yaxın Şərqdə vəziyyət, Amerika-Rusiya münasibətləri, habelə ölkənin səhiyyə sistemi və iqtisadi sabitliklə bağlı məsələlər müzakirə edilib.

Xatırladaq ki, bu debatlar ərəfəsində Amerika KİV-lərində 2005-ci ilə aid bir videoyazı yayılıb. Həmin materialda Donald Tramp qadınların ünvanına təhqiramiz ifadələr işlədib. Çoxsaylı vətəndaşlar, habelə Respublikaçılar partiyasının özünü təmsil edən siyasətçilər bu hadisəyə mənfi münasibət bildiriblər. Şərhçilərin çoxu Trampın bu davranışını seksual həyasızlıq adlandırıb.

Debatlarda Trampın qalmaqallı videoyazısından əlavə, Amerikada islamofobiya probleminə də toxunulub. Tramp ABŞ-da islamafobiyanın artmasından narahat olan amerikalı müsəlman seçici qadına cavabında qeyd edib ki, ABŞ-da müsəlmanlar tərəfindən terror aktları törədilib və amerikalıların təhlükəsizliyi mülahizələrinə əsasən, “müsəlmanlar bu cür problemlərlə qarşılaşanda dərhal bu barədə məlumat verməlidirlər”. Tramp həmçinin deyib ki, bu ölkəyə gələn müsəlmanlar ABŞ dövlət orqanları tərəfindən ciddi yoxlamadan keçməlidirlər.

Klinton isə öz növbəsində qeyd edib ki, müsəlmanlar Amerika cəmiyyətinin tərkib hissəsidir və onlar bütün amerikalılarla eyni hüquqlara malikdirlər, çünki Birləşmiş Ştatlarda dini etiqad azadlığına riayət edilir. Xanım Klinton suriyalı qaçqınların qəbulu məsələsinə toxunaraq vurğulayıb ki, qaçqınların qəbul edilməsi amerikalıların humanitar borcudur.

CNN teleşirkəti teledebatın məhdud sayda tamaşaçıları arasında telefonla sorğu keçirib. Həmin sorğuya görə tamaşaçıların 57 faizinin fikrincə, ikinci teledebatda Hillari Klinton, rəyi soruşulanların 34 faizinin fikrincə Donald Tramp qalib gəlib.

Üçüncü – son teledebat oktyabrın 19-da Nevada ştatının Las-Veqas şəhərində Nevada Universitetində keçiriləcək. ABŞ-da prezident seçkiləri 2016-cı il noyabrın 8-nə təyin edilib.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.