DÜNYA
ABŞ-da Stradivarinin 300 yaşı olan skripkası oğurlanmışdır VİDEO
Bakı, 30 yanvar (AZƏRTAC). ABŞ-ın Milouki şəhərindəki (Viskonsin ştatı) kollecdə naməlum şəxslər Stradivari tərəfindən təxminən 300 il əvvəl hazırlanmış skripkanı oğurlamışlar. Bu barədə USA Today qəzeti məlumat yaymışdır.
AZƏRTAC İnterfaks agentliyinə istinadla xəbər verir ki, yerli polis əməkdaşının dediyinə görə, Milouki simfonik orkestrinin konsertmeysteri Frenk Elmond çıxışından sonra kollecə məxsus avtomobil saxlama yerinə getmişdir. Onu burada gözləyən naməlum şəxs musiqiçini elektroşokerlə vuraraq skripkanı götürmüş və cinayət ortağının avtomobilinə minib aradan çıxmışdır.
Hazırda polis qarətçiləri axtarır.
Qəzet yazır ki, 1715-ci ildə düzəldilmiş bu skripkaya əvvəllər tanınmış italyan musiqiçisi Cüzeppe Tartini və polyak skripkaçı Karol Lipinski sahib olmuşlar. Oğurlanan musiqi alətinin qiymətinin Stradivarinin 2006-cı ildə 3,5 milyon dollara satılmış digər skripkasının qiymətinə bərabər olduğu bildirilir.