DÜNYA
ABŞ-da Trampın inauqurasiyası zamanı kütləvi iğtişaşlardan ehtiyatlanırlar
Bakı, 28 dekabr, AZƏRTAC
ABŞ-ın xüsusi xidmət orqanları yeni seçilmiş prezident Donald Trampın inauqurasiya mərasimi zamanı mümkün kütləvi iğtişaşlardan narahatdırlar.
AZƏRTAC xəbər verir ki, New York Times qəzetinin yazdığına görə, inauqurasiya günü təhlükəsizliyin təmin olunmasına 30-dan çox xidmət orqanı cəlb ediləcək. Təhlükəsizlik tədbirlərinin təqribən 100 milyon dollara başa gələcəyi gözlənilir. Hakimiyyət orqanları bildirirlər ki, prioritet vəzifə Donald Trampın tərəfdarları və əleyhdarları arasında toqquşmaların qarşısını almaqdır. Seçki kampaniyasının gedişində artıq belə hallar baş verib. Bununla yanaşı, xarici və yerli ekstremistlərdən gözlənilən təhlükə də ən çox narahatlıq doğuran məsələlər sırasında yer alır.
Yeni seçilmiş prezident inauqurasiyası yanvarın 20-də Vaşinqtonda Kapitoli binasında keçiriləcək. Qəzetin verdiyi məlumata görə, mərasimdə iki milyondan üç milyonadək insan iştirak edəcək.