DÜNYA
ABŞ-da həftəlik neft ehtiyatları 2,5 milyon barrel azalıb
Bakı, 18 avqust, Nihad Budaqov, AZƏRTAC
ABŞ-da həftəlik xam neft ehtiyatları 2,5 milyon barrel azalıb.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) məlumat yayıb. Bildirilir ki, keçən həftə ölkədə ticarət xam neft ehtiyatları əvvəlki həftəyə görə 2,5 milyon barrel (0,5 faiz) azalaraq 521,1 milyon barrelə düşüb. Bazar proqnozları isə ehtiyatların 0,5 milyon barrel artacağı istiqamətində idi. Daha əvvəlki həftədə ABŞ-da xam neft ehtiyatları 1 milyon barrel artmışdı.
ABŞ-da strateji neft anbarlarının ehtiyatları isə dəyişməyərək ötən həftə 695,1 milyon barrel olub.
Keçən həftə ABŞ-da xam neft hasilatı əvvəlki həftəyə görə gündəlik orta hesabla 152 min barrel artaraq 8,6 milyon barrelə çatıb. Ölkənin xam neft idxalı isə ötən həftə əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 211 min barrel azalaraq 8,2 milyon barrelə enib.
ABŞ-ın həftəlik benzin ehtiyatları da ötən həftə 2,7 milyon barrel (1,2 faiz) azalaraq 232,7 milyon barrel olub. Bazar proqnozları isə ehtiyatların 1,6 milyon barrel azalacağı istiqamətində idi. Benzin ehtiyatları daha əvvəlki həftədə də 2,8 milyon barrel azalmışdı.