ELM VƏ TƏHSİL
ABŞ-da iqlim dəyişikliyi sahəsində aparılan tədqiqatlarla tanışlıq Azərbaycan üçün yeni imkanlar açır
Bakı, 31 iyul, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında "İqlim dəyişikliyi, hava çirklənməsi elmləri və bu sahələrdə Azərbaycan üçün elmi-tədqiqat imkanları" mövzusunda beynəlxalq elmi seminar keçirilib.
Rəsədxananın direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov seminarın alimlərimizin ABŞ-da aparılan elmi-tədqiqat metodları ilə yaxından tanışlığı baxımından faydalı olacağını bildirib. Vurğulayıb ki, rəsədxanada bu cür tədbirlərin təşkili xarici ölkələrdə fəaliyyət göstərən elmi institutlarla yeni əməkdaşlıq imkanlarına yol açır.
Sonra ABŞ-ın Milli Okean və Atmosfer Administrasiyasının Yer Elmləri Tədqiqatları Laboratoriyasının aparıcı elmi işçisi Rəvan Əhmədov təmsil etdiyi qurum haqqında məlumat verib. O, çalışdığı laboratoriyanın iqlim dəyişikliyi və hava çirklənməsi ilə bağlı apardığı tədqiqatlardan, istifadə etdiyi müasir elmi-tədqiqat metodlarından danışıb. Alim bu istiqamətdə ABŞ-ın elmi müəssisələrinin təcrübəsinin öyrənilərək Azərbaycanda tətbiqinin zəruriliyini vurğulayıb.
Məruzə tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb, mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.