SİYASƏT
ABŞ-da keçirilən tədbirdə Azərbaycan cəmiyyətində hökm sürən tolerantlıq təqdir edilib VİDEO
İştirakçılar qarşısında çıxış edən İsrail və Azərbaycan səfirləri ilk növbədə xalqlarımız və ölkələrimiz arasında uzun illərdən bəri davam edən dostluq münasibətləri və getdikcə genişlən səmərəli əməkdaşlıq haqqında fikirlərini bölüşüblər. Möhkəm dayaqlara malik olan münasibətlərin bir çox aspektlər baxımından nümunəvi xarakter daşıdığını bəyan edən səfirlər iki ölkənin rəhbər şəxslərinin qarşılıqlı səfərlərinin bu prosesə verdiyi töhfəni qeyd ediblər.
Səfir Rafael Harpaz toplantının keçirildiyi gün İsrail tərəfindən ölkələrimiz arasında diplomatik və xidməti pasport sahibləri üçün viza prosedurlarının asanlaşdırılmasına dair sazişin ratifikasiya edilməsi barədə məlumat verib. O, həmçinin Azərbaycan cəmiyyətində hökm sürən dini tolerantlığı təqdir edərək müxtəlif dinlərə mənsub şəxslərin sərbəst və təhlükəsiz şəraitdə yaşadıqlarını diqqətə çatdırıb. İsrail diplomatı ölkəmizdə antisemitizm hallarına rast gəlinmədiyini xüsusi vurğulayıb və Azərbaycanın 30 minə yaxın yəhudi icmasının qarşılıqlı hörmət və anlaşma şəraitində yaşadığını bildirib.
Səfir Elin Süleymanov öz növbəsində dünyəvi dövlət olan Azərbaycanda din və vicdan azadlığının təmin edilməsinə, dini-mədəni müxtəliflik və tolerantlığın qorunması və təşviqinə toxunaraq, Azərbaycan dövlətinin başçısının bu istiqamətdə müəyyən etdiyi mütərəqqi siyasətdən bəhs edib.
Natiqlər sonda tədbir iştirakçılarının İsrail-Azərbaycan münasibətləri, Avrasiya regionunda cərəyan edən hadisələr və ABŞ ilə çoxşaxəli əməkdaşlıq haqqında suallarını cavablandırıblar.
Hazırda ABŞ-da səfərdə olan səfir Rafael Harpazın qarşıdakı günlərdə Vaşinqton, Filadelfiya və Nyu-York şəhərlərində İsrail-Azərbaycan münasibətlərindən bəhs edən bir sıra birgə tədbirlərdə iştirakı nəzərdə tutulur.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton