DÜNYA
ABŞ-da siqaret və qazlı içkilər üçün aksizlər artırılır
Bakı, 19 noyabr, AZƏRTAC
ABŞ-ın Kaliforniya ştatının sakinləri Kolorado, Şimali Dokota və Missuri ştatlarının əhalisindən fərqli olaraq siqaret üçün aksizlərin əhəmiyyətli dərəcədə artmasının lehinə səs veriblər.
AZƏRTAC “vergilər.az” saytına istinadla bildirir ki, yaxın vaxtlarda Koloradoda bir qutu siqaretə tətbiq olunan aksizin 87 sentdən 2 dollar 87 sentə qaldırılacağı gözlənilir. Bu tədbir elektron siqaretə də aiddir.
İctimai rəyə görə, bu siqaret çəkməyə qarşı mübarizədə əldə edilmiş böyük qələbədir. Belə bir addımın atılmasında ştatın hökuməti də maraqlıdır. Çünki siqaret üçün aksizin artırılması Kaliforniya xəzinəsinə milyard dollardan artıq əlavə vergi vəsaitinin cəlb olunmasına şərait yaradacaq.
Aksiz dərəcələrinin artırılmasının əleyhinə olanlar isə bildirirlər ki, bu cür tədbirə əl atılması tənbəki məhsullarının qara bazara ayaq açmasına şərait yaradacaq.
Xatırladaq ki, hazırda ABŞ-da bir qutu siqaretə tətbiq olunan aksizin orta dərəcəsi 1,65 dollar təşkil edir. Ən yüksək aksiz dərəcəsi (6,16 dollar) Çikaqoda tətbiq olunur. Ən aşağı göstərici isə (44 sent) Şimali Dakotadadır.
ABŞ-da daha bir bahalaşma dalğası isə tərkibində şəkər olan qazlı sularla bağlıdır. Kaliforniya ştatının San-Fransisko əyalətində keçirilmiş sorğuda sakinlərin 62 faizi piylənməyə, şəkər xəstəliyinə və qidalanma ilə bağlı digər problemlərə qarşı düşünülmüş bu addımın atılmasına tərəfdar olduqlarını bildiriblər.
Bu verginin əleyhinə olanlar da var. Onların mövqeyi isə belədir ki, piylənmə və diabet kimi xəstəliklərin səbəbini tərkibində şəkər olan qazlı içkilərə bağlamaq səhvdir və belə bir verginin tətbiqi əhalinin imkansız təbəqələrinin həyatına mənfi təsir göstərəcək. Artıq bu da bir faktdır ki, “Coca-Cola” və “PepsiCo” kimi sənaye nəhənglərinin müqavimətinə baxmayaraq, ABŞ-ın Kaliforniya və Kolorado kimi ştatlarında keçirilmiş səsvermədə əhalinin əksəriyyəti bu verginin lehinə səs verib.