DÜNYA
ABŞ-da xam neft ehtiyatları 3,3 milyon barrel artıb
Bakı, 8 iyun, Nihad Budaqov, AZƏRTAC
ABŞ-da xam neft ehtiyatları ötən hesabat həftəsində 3,3 milyon barrel artıb. Bu, ABŞ-ın neft ehtiyatlarında martın ortasından bu yana qeydə alınan ən böyük artımdır.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) məlumat yayıb. Bildirilir ki, ölkədə xam neft ehtiyatları ötən hesabat həftəsində 0,6 faiz artaraq 513,2 milyon barrelə yüksəlib. Bazar proqnozları isə ehtiyatların 3,5 milyon barrel azalacağı istiqamətində idi. Ölkədə xam neft ehtiyatları 8 həftə ard-arda azaldıqdan sonra ilk dəfə artıb. Belə ki, ABŞ-ın xam neft istehsalı son 16 həftənin yalnız 2-də azalıb.
Ölkənin strateji neft ehtiyatları isə ötən həftə 1,7 milyon barrel və ya 0,2 faiz azalaraq 685 milyon barrelə enib. ABŞ-ın benzin ehtiyatları hesabat həftəsində 3,3 milyon barrel və ya 1,4 faiz artaraq 240,3 milyon barrelə çatıb. Bazar proqnozları isə ehtiyatların 0,6 milyon barrel artacağı istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 2,9 milyon barrel azalmışdı.
ABŞ-ın xam neft istehsalı əvvəlki həftəyə görə ötən həftə gündəlik orta hesabla 24 min barrel azalaraq 9,32 milyon barrelə enib. Ölkənin xam neft idxalı isə sözügedən həftə əvvəlkinə nisbətən gündəlik orta hesabla 356 min barrel artaraq 8,34 milyon barrelə yüksəlib.
Agentliyin məlumatına görə, ABŞ-ın Səudiyyə Ərəbistandan neft idxalı isə 55 faiz azalaraq 2015-ci ilin yanvar ayından bu vaxtadək ən aşağı səviyyəyə enib.
EIA aprel ayında açıqladığı hesabatında ABŞ-ın xam neft hasilatının bu il gündəlik orta hesabla 9,3 milyon barrel, gələn il isə 10 milyon barrel olacağını proqnozlaşdırırdı.