REGİONLAR


ABŞ-dakı Simon Vizental Mərkəzinin rəhbərinin müavini Quba soyqırımı məzarlığını ziyarət edib VİDEO

A+ A

Quba, 28 sentyabr, Elxan Yusifli, AZƏRTAC

Azərbaycana səfərə gələn ABŞ-dakı Simon Vizental Mərkəzinin rəhbərinin müavini, ravvin Abraham Kuper sentyabrın 28-də Quba rayonunda olub.

AZƏRTAC xəbər verir ki, rayon icra hakimiyyətinin başçısı Yaşar Məmmədov qonağı səmimiyyətlə qarşılayaraq, ona Qubanın təbiəti, yerli əhalinin etnik tərkibi, adət-ənənələri və burada aparılan quruculuq işləri barədə ətraflı məlumat verib.

Daha sonra ravvin Abraham Kuper Qubada dağ yəhudilərinin yığcam yaşadıqları Qırmızı qəsəbə ilə yaxından tanış olub. Qonağın diqqətinə çatdırılıb ki, Qırmızı qəsəbə dünyada İsraildən sonra yəhudilərin yığcam yaşadığı nadir məkanlardandır. “Qafqazın Yerusəlimi” adlandırılan qəsəbədə məskunlaşan yəhudilər uzun illərdir öz adət-ənənələrini yaşadırlar. Burada yəhudilərin dini icması və milli mədəniyyət mərkəzi fəaliyyət göstərir.

Qonaq qəsəbədəki sinaqoqlarla yaxından tanış olub, buradakı dini icmanın nümayəndələri ilə söhbət edib.

Abraham Kuper Quba Soyqırımı Memorial Kompleksini və ərazidəki kütləvi məzarlığı da ziyarət edib. Bildirilib ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkar olunub. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib.

Məlumat verilib ki, Quba Soyqırımı Memorial Kompleksi Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılıb və 2013-cü il sentyabrın 18-də açılışı olub. Kompleksdə XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görüntüləri, o zaman burada aparılan tikinti-quruculuq işləri, əhalinin həyat tərzi haqqında fotolar var. Burada quraşdırılmış sensor ekranlı monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı respublikamızın müxtəlif bölgələrində həyata keçirdikləri soyqırımı aktları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür.

Ravvin Abraham Kuper Quba Soyqırımı Memorial Kompleksi ilə tanışlıqdan sonra xatirə kitabına ürək sözlərini yazıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.