İQTİSADİYYAT
ABŞ diplomatı: Azərbaycan iqtisadiyyatın diversifikasiyası istiqamətində uğurlu addımlar atır
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayevin ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Derek Hoqanla görüşündə iki ölkə arasında mövcud əməkdaşlıq imkanları müzakirə edilib.
ASK-dan AZƏRTAC-a verilən məlumata görə, ABŞ diplomatı söhbət əsnasında Azərbaycanda qeyri-neft sektorunun inkişafı istiqamətində aparılan işləri müsbət qiymətləndirilib. Derek Hoqan bildirib ki, Azərbaycan iqtisadiyyatın diversifikasiyası istiqamətində uğurlu addımlar atır və səfirlik buna sonadək dəstək verəcək.
ASK-nın prezidenti M.Musayev ölkənin iqtisadi göstəriciləri və konfederasiyanın fəaliyyəti haqqında qonağa ətraflı məlumat verərək bildirib ki, Azərbaycan iqtisadiyyatının 83 faizi özəl sektorun payına düşür. Ölkə rəhbərliyinin apardığı məqsədyönlü siyasətin əsas istiqamətlərindən biri regionlarda özəl sektorun inkişafına dəstək verməkdir. Sahibkarlar Konfederasiyası da bu istiqamətdə fəal iş aparır, sahibkarlığın inkişafını dəstəkləməklə yanaşı, hökumətlə özəl sektor arasında körpü rolunu oynayır.
M.Musayev ölkədə gender bərabərliyi məsələsinə də xüsusi diqqət yetirildiyini vurğulayaraq məlumat verib ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan qadınların sayı durmadan artır. ASK da öz növbəsində bu işə xüsusi önəm verir. Belə ki, konfederasiyanın nəzdində qadın sahibkarlığın inkişafı ilə bağlı xüsusi komissiya fəaliyyət göstərir, komissiya üzvlərinin xarici ölkələrə səfəri təşkil edilir. Konfederasiya, həmçinin Azərbaycanda sahibkarlar institutunun yaradılması istiqamətində iş aparır, sahə assosiasiyalarının yaranmasına dəstək verilir.
Görüşdən məmnunluğunu dilə gətirən müvəqqəti işlər vəkili Derek Hoqan bildirib ki, ABŞ-da Azərbaycanda tərəfdaş tapmaq arzusunda olan xeyli şirkət var. ASK ilə səfirliyin əməkdaşlığı sayəsində hər iki tərəfdən olan iş adamları arasında əlaqələr yaratmaq mümkün olacaq. Derek Hoqan Azərbaycanda insanların sahibkarlıq marağını yüksək qiymətləndirərək deyib ki, hökumətin son zamanlar bu sahədə mühüm addımlar atması müsbət haldır. İqtisadiyyatın diversifikasiyası gələcəkdə bir çox iqtisadi problemlərin həllinə öz töhfəsini verəcək.
Diplomat aqrar sektorun ÜDM-də payının artırılması üçün görüləsi xeyli iş olduğunu da vurğulayıb. Fermerlər üçün əlverişli biznes mühitinin yaradılması, Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafı istiqamətləri və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.