CƏMİYYƏT


ABŞ-ın Arizona ştatının Nümayəndələr Palatasının sədri Daxili İşlər Nazirliyində olub

Bakı, 1 avqust, AZƏRTAC

Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov ölkəmizdə səfərdə olan ABŞ-ın Arizona ştatının Nümayəndələr Palatasının sədri Cavan Mesnard ilə görüşüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ölkəmizin ABŞ ilə münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyini diqqətə çatdıran nazir iki dövlət arasında qarşılıqlı etimada əsaslanan əlaqələrin yaradılmasında ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərini qeyd edib. Nazir Ulu Öndərin 1997-ci ilin yayında ABŞ-a rəsmi səfərini məmnunluqla xatırladıb və bunun ikitərəfli münasibətlərin zirvəsi hesab olunduğunu vurğulayıb. Ümummilli Liderin ölkəmizin dünyaya inteqrasiyasının, bölgədə lider dövlətə çevrilməsinin, müstəqil siyasət yeritməsinin əsasını qoyduğu kursun Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, Birləşmiş Ştatlarla bütün sahələrdə əlaqələrin bu gün yüksələn xətt üzrə inkişaf etdiyini söyləyib.

Daha sonra müstəqilliyin ilk illərində cərəyan edən gərgin ictimai-siyasi hadisələr, Ermənistanın Azərbaycana qarşı təcavüzünün doğurduğu ağır nəticələr, vətəndaş müharibəsi təhlükəsi, kriminogen durumun nəzarətdən çıxması, ulu öndər Heydər Əliyevin ali hakimiyyətə qayıdışından sonra cəmiyyətdə bütün sahələrdə həyata keçirilən genişmiqyaslı sosial-iqtisadi və hüquqi-demokratik islahatlar barədə qonağa məlumat verilib.

Görüşdə daxili işlər orqanlarının fəaliyyətinin beynəlxalq norma və standartlara uyğun təkmilləşdirilməsi, insan hüquq və azadlıqlarının önə çəkildiyi yeni normativ hüquqi bazanın yaradılması, bu işdə xarici ekspertlərin yaxından iştirakı və digər sahələrdə görülən işlər də diqqətə çatdırılıb.

Ətraflı məlumata görə daxili işlər nazirinə minnətdarlıq edən Cavan Mesnard Azərbaycanda ilk dəfə olduğunu, səfəri çərçivəsində Bakı və regionlar ilə tanışlığının, ölkəmizin ecazkar təbiətinin, sürətli iqtisadi inkişafının, hər yerdə insanların dostluq və qonaqpərvərlik nümayiş etdirməsinin onda dərin təəssüratlar yaratdığını bildirib.

Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.