SİYASƏT
ABŞ hökuməti Ermənistan tərəfindən beynəlxalq hüququn tələblərinə əməl olunmasını təmin etməyə çağırılıb
Vaşinqton, 14 oktyabr, AZƏRTAC
Florida ştatında çıxan “The Gainsville Sun” qəzetində ABŞ Azərbaycanlıları Şəbəkəsinin üzvü Dürdanə Balakişiyevanın “Ermənistanın təcavüzü” sərlövhəli məqaləsi dərc edilib. Məqalədə Azərbaycanın yaşayış məntəqələrinin atəşə tutulmasında Ermənistanın ağır silahlardan istifadə etməsindən danışılır. Bildirilir ki, Azərbaycana bərpaolunmaz zərər vurmağı barədə Ermənistana dəfələrlə xəbərdarlıq olunub və bu təcavüzkar ölkənin götürdüyü 200 milyon dollar kredit məbləğində ballistik raketlər almaq niyyəti bəyan edilib.
Müəllif yazır: “Paradoksal hal deyilmi ki, Ermənistan prezidenti Serj Sarkisyan BMT-nin Baş Məclisindəki çıxışı zamanı utanmadan və vicdansızlıqla Azərbaycanı “təcavüzkar” adlandırıb? Halbuki BMT-nin Təhlükəsizlik Şurası Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən və Azərbaycanın işğal edilmiş ərazilərindən Ermənistanın işğalçı ordusunun qeyd-şərtsiz çıxmasını, məcburi köçkünlərin öz torpaqlarına qayıtması üçün şəraitin yaradılmasını tələb edən qətnamələr qəbul edib”.
Müəllif sonda vurğulayır ki, ABŞ ictimaiyyəti öz hökumətini Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınan sərhədlərinin toxunulmazlığında beynəlxalq hüququn tələblərinə əməl olunmasını təmin etməyə çağırmalıdır.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton