SİYASƏT
ABŞ-ın Luiziana ştatında Azərbaycanın Respublika Gününə həsr edilən tədbir keçirilib
Luiziana, 25 may, AZƏRTAC
ABŞ-ın Luiziana ştatının Senat və Nümayəndələr Palatasının üzvlərinin iştirakı ilə paytaxt Baton Ruj şəhərində Azərbaycanın Respublika Gününə həsr edilən tədbir keçirilib.
Azərbaycan Dostlarının Assambleyası (AFAZ) tərəfindən təşkil olunan tədbir ştatın qanunverici orqanının binasında baş tutub.
Tədbirdə ştat qubernatorunun müavini Elbert Li Qullori, Senatın üzvləri Fransis Tompson və Qerald Lonq, Nümayəndələr Palatasının üzvləri Kley Şiksnayder, Co Harrison və Roy Burrel iştirak ediblər.
Elbert Li Qullori çıxışında Azərbaycanla bağlı təəssüratlarını bölüşüb. O, Azərbaycana hələ 1983-cü ildə səfər etdiyini xatırlayaraq, azərbaycanlıların xüsusi qonaqpərvərliklə seçildiklərini və məhz bu xüsusiyyətin onu Azərbaycana bağladığını qeyd edib.
Qubernatorun müavini Əfqanıstandakı hərbi əməliyyatlar zamanı məhz Azərbaycanın roluna görə yüzlərlə ABŞ əsgərinin həyatının xilas olduğunu bildirib. O, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələri xüsusi vurğulayıb, davamlı dəstəyə ölkəmizə minnətdarlığını ifadə edib.
Senatın və Nümayəndələr Palatasının üzvləri Fransis Tompson və Kley Şiksnayder Respublika Günü münasibətilə təbriklərini çatdırıb, ABŞ-Azərbaycan münasibətlərinin gələcək inkişafının əhəmiyyətini vurğulayıblar.
Tədbirdə iştirak etmiş Azərbaycan səfirliyinin əməkdaşı Natiq Baxışov çıxış edərək Azərbaycan-ABŞ münasibətləri, ölkələrimizin enerji və beynəlxalq təhlükəsizlik sahələrindəki birgə əməkdaşlığı barədə məlumat verib.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Luiziana