ELM VƏ TƏHSİL
ABŞ-ın “Noosfer” şirkəti AMEA ilə elmi əlaqələrin yaradılmasında maraqlıdır
Bakı, 8 avqust, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İbrahim Quliyev ABŞ-ın Fəaliyyətin İdarəedilməsi üzrə Beynəlxalq “Noosfer” şirkətinin prezidenti Maksim Polyakov, şirkətin şöbə müdiri Mixail Robotnikov və Ukrayna bölməsinin rəhbəri İqor Qriqoryeviç ilə görüşüb.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə İ.Quliyev şirkətin nümayəndələrinə AMEA-nın elmi müəssisə və təşkilatlarının fəaliyyəti, elmi istiqamətlər üzrə aparılan tədqiqatlar barədə, eləcə də ölkəmizdə elmin ən müasir sahələrin inkişafına, multidissiplinar tədqiqatlara, gənc alimlərin yetişdirilməsinə göstərilən yüksək diqqət və qayğıdan, alimlərimizin beynəlxalq elmi əlaqələrindən danışıb.
Söhbət zamanı qonaqlar “Noosfer” şirkətinin fəaliyyət istiqamətləri, geniş beynəlxalq şəbəkəsi, nailiyyətləri və AMEA ilə əməkdaşlıq perspektivləri haqqında ətraflı məlumat veriblər.
M.Polyakov AMEA-nın biznes proqram və layihələrin həyata keçirilməsində rolunun əhəmiyyətindən bəhs edib, akademiya ilə elmi əlaqələrin yaradılmasında maraqlı olduqlarını bildirib.
Görüşdə tərəflər arasında əməkdaşlıq əlaqələrinin müzakirəsinə başlanması üzrə ilkin razılaşma əldə edilib.