ELM VƏ TƏHSİL
ABŞ-ın Nyu-Həmpşir ştatının nümayəndə heyəti Azərbaycan Dillər Universitetində olub
Bakı, 27 avqust, AZƏRTAC
Avqustun 27-də Azərbaycan Dillər Universitetinin (ADU) İnformasiya Resurs Kompleksində (İRK) ABŞ-ın Nyu-Həmpşir ştatının nümayəndə heyəti ilə görüş keçirilib.
ADU-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə universitetin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov qonaqlara rəhbərlik etdiyi ali təhsil müəssisəsi barədə məlumat verib. Universitetdə 22 dilin tədris olunduğunu qeyd edən rektor burada, eyni zamanda, müxtəlif ölkələrin dil və mədəniyyət mərkəzlərinin yaradıldığını da diqqətə çatdırıb. İRK-da fəaliyyət göstərən Amerika Mərkəzi haqqında qonaqlara məlumat verən S.Seyidov bu mərkəzin Azərbaycan-Amerika əlaqələrinin genişlənməsində, ADU ilə ABŞ universitetləri arasında əməkdaşlığın inkişafında mühüm rolunu qeyd edib. Rektor buradan ADU ilə yanaşı, digər universitetlərin tələbələrinin də istifadə etdiklərini vurğulayıb. Amerika Birləşmiş Ştatlarının qabaqcıl universitetlərində təhsil alan bir qrup tələbənin hər il ADU-da Azərbaycan dilini, mədəniyyətini, tarixini öyrəndikləri qonaqların diqqətinə çatdırılıb.
ABŞ-ın ölkəmizdəki səfiri Robert Sekuta Amerika Mərkəzinin fəaliyyətini yüksək dəyərləndirib, ADU ilə səfirlik arasındakı uğurlu əməkdaşlıqdan söz açıb.
ADU-nun İnformasiya Resurs Kompleksinin direktoru Şəhla Xudiyeva qonaqlara mərkəz haqqında ətraflı məlumat verib. Ötən il mərkəzin nəzdində Amerika Uşaq Mərkəzinin açıldığı, burada seminarların, “dəyirmi masa”ların keçirildiyi, səfirlik əməkdaşlarının universitet tələbələrinə mühazirələr oxuduqları bildirilib.
Səmimi görüşə görə təşəkkür edən qonaqlar ADU ilə tanışlıqdan məmnunluqlarını bildirib, belə görüşlərin ölkələrarası əlaqələrin inkişafında mühüm rol oynadığını söyləyiblər.
Görüşdə ABŞ Dövlət Departamentinin Önəmli Dil Təqaüdü proqramı çərçivəsində ADU-ya gələn amerikalı tələbələrin Azərbaycan dilində çıxışlarını əks etdirən videoçarx nümayiş olunub.
Görüş müzakirələrlə davam edib.