SİYASƏT


ABŞ-ın San-Dieqo Şəhər Şurasında Azərbaycana həsr olunmuş mərasim keçirilib

A+ A

Bakı, 27 oktyabr, AZƏRTAC

ABŞ-ın Kaliforniya ştatının ən böyük iqtisadi-siyasi mərkəzlərindən sayılan, ştatın ikinci ən böyük şəhəri olan San-Dieqo şəhərində səfərdə olan Azərbaycan nümayəndə heyətinin şərəfinə oktyabrın 25-də Şəhər Şurasında xüsusi mərasim keçirilib.

Azərbaycanın müstəqilliyinin bərpasının 25-ci ildönümünə, eləcə də Bakı şəhərinin Nəsimi rayonu ilə San-Dieqonun Svitzer Haylənd rayonu arasındakı münasibətlərin yaradılmasının 5-ci ildönümünə həsr olunmuş mərasimdə Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev, Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, Azərbaycan Milli Məclisinin üzvü Asim Mollazadə və Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev iştirak ediblər.

Mərasimi açan San-Dieqo Şəhər Şurasının sədri Şeri Laytner San-Dieqo-Bakı münasibətlərinin önəmindən və Azərbaycan-ABŞ dostluq və tərəfdaşlıq əlaqələrindən danışıb, nümayəndə heyətimizə Azərbaycanın Dövlət Müstəqilliyinin bərpasının 25-ci ildönümü ilə əlaqədar bəyannamə təqdim edib. Şəhər Şurasının bütün üzvləri tərəfindən imzalanan bəyannamə ilə 18 oktyabr tarixi San-Dieqoda “Azərbaycanın Müstəqillik Günü” elan olunub. Bəyannamədə qeyd olunur ki, Azərbaycan 1918-ci ildə öz müstəqilliyini elan edib və müsəlman dünyasında ilk dünyəvi demokratik respublika quran və qadınlara səsvermə hüququ verən dövlət kimi adını tarixə yazıb. Qeyd olunur ki, Azərbaycan 25 il əvvəl müstəqilliyini bərpa edərək, azadlığını və suverenliyini möhkəmləndirib, ABŞ-ın Cənubi Qafqaz bölgəsində strateji tərəfdaşına çevrilib.

Həmçinin vurğulanır ki, bu gün Azərbaycan beynəlxalq aləmdə müsəlman, xristian və yəhudilərin sülh və harmoniya şəraitində yaşadığı uğurlu model kimi tanınır.

Tədbirdə çıxış edən Bakı şəhər Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı A.Əsgərov Azərbaycanın sosial-iqtisadi inkişafı nəticəsində Bakının son illərdə dünyanın ən gözəl şəhərlərindən birinə çevrildiyini bildirib. San-Dieqo ilə tərəfdaşlıq münasibətlərinin bundan sonra daha da dərinləşdirilməsinin zəruriliyini vurğulayan A.Əsgərov bu istiqamətdə qarşıdakı illərdə müvafiq səylərin göstəriləcəyini, iki şəhər arasında müxtəlif sahələrdə mübadilələrin artacağını bildirib.

Sonra çıxış edən baş konsul N.Ağayev Bakı-San-Dieqo münasibətlərinin ötən 5 il ərzində inkişafından, baş konsulluq tərəfindən San-Dieqoda keçirilən Azərbaycan ilə bağlı müxtəlif tədbirlərdən, o cümlədən 2014-cü ildə “Yeddi gözəl” baletinin 3 min nəfərdən çox şəhər sakini qarşında ifasından danışıb. Diplomat bildirib ki, bir sıra oxşarlıqları paylaşan iki şəhər arasında əlaqələrin genişləndirilməsi üçün böyük imkanlar mövcuddur.

Milli Məclisin deputatı A.Mollazadə öz çıxışında Azərbaycan-ABŞ münasibətlərinin möhkəm əsaslar və vacib dəyərlər üzərində qurulduğunu qeyd edərək, dövlətlərarası münasibətlər ilə yanaşı, xalqlararası münasibətlərin də yüksək önəm daşıdığını diqqətə çatdırıb. A.Mollazadə bu baxımdan Bakı-San-Dieqo dostluğunun gözəl bir nümunə təşkil etdiyini vurğulayıb.

Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının sədri M.Yevdayev isə ölkəmizdə dini tolerantlıq və multikulturalizm ənənələrindən və hazırda Azərbaycanda müxtəlif dinlər və millətlər arasında mövcud olan qardaşlıq münasibətlərindən bəhs edib. M.Yevdayev bildirib ki, Azərbaycan bu sahədə bir çox dünya ölkələrinə örnək ola bilər.

Sonda San-Dieqo Şəhər Şurasına hədiyyələr təqdim olunub.

Azərbaycan nümayəndə heyəti həmin gün, həmçinin San-Dieqo yəhudi icmasının rəhbərləri, Kaliforniya ştat qanunvericiləri və müharibə veteranları ilə də görüşlər keçiriblər.

Nümayəndə heyətinin San-Dieqoya səfəri davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.