CƏMİYYƏT
ABŞ-ın Ukraynadakı səfiri və Ukraynada işləyən avropalı diplomatlar “Mirotvorets” saytını pisləyiblər
Kiyev, 27 may, AZƏRTAC
ABŞ-ın Ukraynadakı səfiri Ceffri Payett bildirib ki, qalmaqallı “Mirotvorets” saytında jurnalistlər barədə fərdi məlumatların dərc edilməsi çox ziyan vurub və gələcəkdə belə hallar təkrarlanmamalıdır. AZƏRTAC “İnterfaks Ukraina” saytına istinadla bildirir ki, amerikalı diplomat bu fikri Lvovda keçirilən mediaforumda söyləyib.
C.Payett deyib: “Onlar səfehlik ediblər. Fikrimi diplomatik şəkildə ifadə etməyə də çətinlik çəkirəm. Ümid edirəm ki, Avakov (Ukrayna DİN başçısı - AZƏRTAC) və nazirlər kabineti bu barədə dəqiq bəyanatla çıxış edəcək və bu siyahını dərc edən insanları qınayacaqlar”.
Xatırladaq ki, Ukraynanın “Mirotvorets” saytı may ayında dörd mindən çox jurnalistin siyahısından ibarət fayllar dərc edib. Bu siyahıda ukraynalı və əcnəbi, o cümlədən azərbaycanlı jurnalistlərin adları və soyadları, habelə mobil əlaqə nömrələri göstərilib.
Qeyd edək ki, Avropa İttifaqının Ukraynadakı səfiri Yan Tombinski və Almaniyanın Ukraynadakı diplomatik nümayəndəliyinin rəhbəri Kristof Vayl ukraynalı hüquq mühafizəçilərinə müraciət edərək jurnalistlər barədə “Mirotvorets” saytında dərc olunmuş bütün şəxsi məlumatların həmin saytdan çıxarılmasını təmin etməyə çağırıblar.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev