DÜNYA
ABŞ-ın Yaponiyaya təyin edilmiş yeni səfiri videomüraciət yayıb
Tokio, 17 avqust, AZƏRTAC
ABŞ-ın Yaponiyaya təyin edilmiş yeni səfiri Tokioya gəlişi ərəfəsində videomüraciət yayıb. NHK telekanalının bu barədə yaydığı məlumatda qeyd edilir ki, səfir müraciətində iki ölkə arasında əməkdaşlığın zəruriliyini vurğulayıb.
Uilyam Haqerti iki dəqiqə yarım davam edən videoçarxı ABŞ səfirliyinin veb səhifəsində yerləşdirib. Səfir deyib ki, ABŞ Prezidenti Donald Tramp və o, Yaponiya ilə ittifaqın onların ölkəsi üçün əhəmiyyətini yüksək qiymətləndirirlər.
U.Haqerti müraciətində ABŞ-ın Yaponiyanın təhlükəsizliyinin təmin edilməsinə və iki ölkə arasında iqtisadi əməkdaşlığa sadiqliyini bir daha vurğulayıb.
Videomüraciətin Şimali Koreya problemi və bu ölkə tərəfindən artmaqda davam edən nüvə və raket təhlükəsi ilə əlaqədar olduğu bildirilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio