SİYASƏT
ABŞ-ın bir sıra ştat və şəhərlərində mayın 28-i “Azərbaycan Milli Günü” elan edilib
Vaşinqton, 27 may, AZƏRTAC
Azərbaycanın milli bayramı - Respublika Günü ilə əlaqədar təbriklərə ABŞ-ın daha altı qərb ştatı, eləcə də Kaliforniyanın yeddi şəhəri qoşulub. Bununla bağlı qəbul edilmiş və Azərbaycanın Los-Ancelesdəki baş konsulluğuna göndərilmiş bəyannamələrdə 28 may tarixi həmin ştat və şəhərlərdə rəsmən “Azərbaycan Milli Günü” elan edilib.
Havay ştatının qubernatoru Deyvid İge və Nyu-Meksiko ştatının qubernatoru Suzana Martinez tərəfindən imzalanmış bəyannamələrdə Azərbaycanın mütərəqqi inkişaf yolundan bəhs edilərək, bu əlamətdar gün münasibətilə sözügedən ştatlarda 28 may tarixinin “Azərbaycan Milli Günü” elan edildiyi qeyd olunub.
Kaliforniyanın Örvayn, San Dieqo, San Xose, Santa Monika, Sout Qeyt, Stokton və Torrens şəhərlərində də 28 may tarixi “Azərbaycan Milli Günü” elan olunub. Belə ki, sözügedən şəhərlərin ən yüksək idarəetmə orqanı olan şəhər şuraları tərəfindən bununla bağlı müvafiq bəyannamələr qəbul edilib.
Həmçinin ABŞ-ın Yutah ştatının paytaxtı Solt Leyk şəhərinin meri və Şəhər Şurası tərəfindən oxşar bəyannamə qəbul edilərək, burada da Respublika Günü “Azərbaycan Milli Günü” elan edilib.
Vaşinqton ştatının qubernatoru Cey İnsli və Oreqon ştatı Senatının sədri Peter Kortni Azərbaycanın bayram sevincinə baş konsulluğa göndərdikləri geniş təbrik məktubları ilə qoşulublar. P.Kortni məktubunda Azərbaycanın sürətli inkişafını və beynəlxalq terrorizmə qarşı mübarizədə ABŞ-a göstərdiyi hərtərəfli dəstəyi yüksək qiymətləndirdiklərini bildirib.
Arizonadan olan konqresmen Kirsten Sinema isə 28 mayı ştatın paytaxtı Finiks şəhərini və digər mühüm şəhərləri əhatə edən öz seçki dairəsində “Azərbaycan Milli Günü” elan edib.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton