SİYASƏT
ABŞ-ın dini icmalarının liderləri Azərbaycan xalqının tolerantlıq ənənələri barədə məlumatlandırılıblar
Bakı, 27 may, AZƏRTAC
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Nyu-York şəhərinə səfəri çərçivəsində ABŞ-ın dini icmalarının liderləri və yəhudi təşkilatlarının nümayəndələri ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dini icmaların liderləri ilə görüşdə E.Məmmədyarov tolerantlıq və multikulturalizmin ölkəmizdə tarixən mövcud olduğunu və fəxrlə nəsildən-nəslə ötürüldüyünü qeyd edib. Xalqımızın tolerantlıq ənənələrindən bəhs edən E.Məmmədyarov ölkəmizdə qədim zamanlardan müxtəlif konfessiyaların nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində, dinc yanaşı yaşadığını bildirib və hazırda konfessional rəngarəngliyin ölkəmizin sosial həyatında xüsusi yer tutduğunu əlavə edib və son illər Azərbaycanda dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqinə həsr edilmiş çoxsaylı qlobal tədbirlərin keçirilməsinin ənənəyə çevrildiyini vurğulayıb və bu xüsusda Azərbaycanın BMT-nin Sivilizasiyaların Alyansı üzrə VII Qlobal Foruma ev sahibliyi etdiyini bildirib.
Daha sonra nazir E.Məmmədyarov Amerika Yəhudi Təşkilatının üzvləri, həmçinin Əsas Amerika Yəhudi Təşkilatları Prezidentlərinin Konfransının üzvləri ilə ayrı-ayrılıqda görüşlər keçirib.
Görüşlərdə Azərbaycanın Amerika yəhudi təşkilatları ilə əlaqələrinin yüksək səviyyədə inkişafından məmnunluq ifadə olunub. Nazir Azərbaycan yəhudi icmasının illər boyu ölkəmizdə sülh şəraitində dinc yanaşı yaşadığını və yaxından cəmiyyətə inteqrasiya olunduğunu qeyd edib.
Nazir E.Məmmədyarov Azərbaycan hökuməti tərəfindən dözümlülük və multikulturalizmin təşviqinə xüsusi diqqət ayrıldığını deyib, 2016-cı ilin ölkəmizdə “Multikulturalizm İli”, 2017-ci ilin isə “İslam Həmrəyliyi İli” elan olunduğunu vurğulayıb. E.Məmmədyarov ölkəmizin ev sahibliyi etdiyi IV İslam Həmrəyliyi Oyunlarının uğurla başa çatdığını diqqətə çatdırıb.