DÜNYA
ABŞ-ın həftəlik neft ehtiyatları 2,3 milyon barrel azalıb
Bakı, 21 iyul, Nihad Budaqov, AZƏRTAC
ABŞ-ın həftəlik neft ehtiyatları 2,3 milyon barrel azalıb.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) açıqladığı məlumatda deyilir. Ötən həftə ABŞ-da ticarət məqsədli xam neft ehtiyatlarının əvvəlki həftəyə görə 2,3 milyon barrel (0,4 faiz) azalaraq 519,5 milyon barrelə düşüb. Bazar proqnozları isə ehtiyatların 2,1 milyon barrel azalacağı istiqamətində idi.
Əvvəlki həftədə isə ABŞ-ın xam neft ehtiyatları 2,5 milyon barrel geriləmişdi.
Ölkədəki strateji neft anbarlarının ehtiyatı dəyişməyərək qeyd edilən həftədə 695,1 milyon barrel olub. Həmin dövrdə ABŞ-ın xam neft istehsalı isə əvvəlki həftə ilə müqayisədə gündəlik orta hesabla 9 min barrel artaraq 8,49 milyon barrelə çatıb. Ölkənin xam neft idxalı ötən həftədə əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 293 min barrel artaraq 8,13 milyon barrel olub.
ABŞ-ın həftəlik xam neft ehtiyatlarının azalmasının bazar proqnozlarından çox olması qlobal bazarlarda neftin qiymətinin bahalaşmasına təsir edib.