DÜNYA
ABŞ-ın həftəlik xam neft ehtiyatları azalıb
Bakı, 24 noyabr, Nihad Budaqov, AZƏRTAC
ABŞ-ın xam neft ehtiyatları ötən hesabat həftəsində 1,3 milyon barrel (0,3 faiz) azalaraq 489 milyon barrelə geriləyib.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) məlumat yayıb. Bazar proqnozları isə ehtiyatların 0,7 milyon barrel artacağı istiqamətində idi. Əvvəlki həftə xam neft ehtiyatları 5,3 milyon barrel artmışdı.
ABŞ-ın strateji neft ehtiyatları isə dəyişməyərək sözügedən həftə 695,1 milyon barreldə qalıb. Həmin dövrdə ölkənin xam neft hasilatı əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 9 min barrel artaraq 8,69 milyon barrelə yüksəlib.
Ölkənin xam neft idxalı qeyd edilən həftədə əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 845 min barrel azalaraq 7,58 milyon barrelə çatıb. ABŞ-ın həftəlik benzin ehtiyatları isə sözügedən həftədə 2,3 milyon barrel (1 faiz) artaraq 224 milyon barrel olub.