İQTİSADİYYAT
ABŞ-ın məşhur “Journal of Commerce” jurnalında Bakı Limanından bəhs edən məqalə dərc edilib
Bakı, 1 dekabr, AZƏRTAC
ABŞ-ın məşhur “Journal of Commerce” jurnalında bu nəşrin redaktoru Turlok Muninin Bakı Beynəlxalq Dəniz Ticarət Limanından bəhs edən “Xəzər dəniz limanı Çin-Avropa yerüstü əlaqələri üçün imkanlar açır” adlı məqaləsi dərc edilib.
AZƏRTAC jurnalın rəsmi internet saytına istinadla xəbər verir ki, məqalədə Xəzər dənizinin ən qədim və ən böyük limanı olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanının inşasının birinci fazasının 2017-ci ildə bitəcəyi bildirilir: “Çindən tutmuş Mərkəzi Asiya və Avropayadək daşımalara töhfəsini verəcək Bakı Limanı il ərzində 11,5 milyon ton yük və 50000 ədəd konteyner aşırma gücünə malik olacaq”. Bu isə Bakı Limanının ölkə və region iqtisadiyyatında xüsusi mövqeyə malik olması və nəqliyyat qovşağına çevrilməsinə gətirib çıxaracaq və Azərbaycanın qeyri-neft sektorunun daha da şaxələnməsi ilə nəticələnəcəkdir.
Bakı şəhərindən 70 kilometrlik məsafədə - Ələt qəsəbəsində yerləşən Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Azərbaycan hökumətinin iqtisadiyyatın şaxələndirilməsi istiqamətində yeni çağırışıdır. Bu limanın Çinin “Belt and Road” investisiya planından irəli gələn Çin, Mərkəzi Asiya və Avropa ölkələri arasında yeni quru yollarının inkişafından böyük fayda qazanacağı gözlənilir.
Məqalədə, həmçinin müəllifin Bakı Beynəlxalq Dəniz Ticarət Limanının baş direktoru Taleh Ziyadovdan aldığı müsahibəyə də yer verilib. Azərbaycan hökumətinin xüsusi logistik və ticarət zona üçün tənzimləyici hüquqi çərçivə hazırladığını, o cümlədən beynəlxalq terminal və logistika şirkətlərini regiona cəlb etmək üçün təşviq planları tərtib etdiyini bildirən T.Ziyadov bununla da limanın ölkənin tarixi İpək Yolunun canlanmasında böyük rol oynayacağını qeyd edib: “İpək yolunun yenidən canlanmasının ən mühüm cəhəti bütün ölkələrin öz infrastrukturunu təkmilləşdirilməsi və siyasətlərini ticarət, gömrük və tranzit prosedurlar ilə ahəngləşdirilməsi prosesinə təkan verməsidir”.
Məqalədə Bakı Beynəlxalq Dəniz Ticarət Limanının Avropa, Sinqapur, Dubay və Çinin bir neçə nüfuzlu şirkətləri ilə mühüm əlaqələr qurduğu da vurğulanıb.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 18 mart 2015-ci il tarixli Sərəncamı ilə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC yaradılıb. Hazırda Bakı Limanının Avrasiyada nəqliyyat və logistika mərkəzinə çevrilməsi istiqamətində beynəlxalq standartlara əsaslanan işlər görülür. Xəzər dənizində ən böyük liman olan Bakı Limanının Qaradağ rayonunun Ələt qəsəbəsində tikilməkdə olan yeni kompleksinin hər üç tikinti fazası bitdikdən sonra yükaşırma qabiliyyətinin 25 milyon ton olması nəzərdə tutulur.