MƏDƏNİYYƏT
ABŞ-ın məşhur “Meri Mak Brayd” musiqi qrupu Xaçmazda konsert verib
Xaçmaz, 16 avqust (AZƏRTAC, Elxan Yusifli). Sentyabrın 16-da Amerika Birləşmiş Ştatlarının (ABŞ) məşhur “Meri Mak Brayd” musiqi qrupu Xaçmazda konsert proqramı ilə çıxış edib.
AZƏRTAC xəbər verir ki, qrupun Azərbaycana səfəri ABŞ Dövlət Departamentinin “Mədəniyyət elçiləri” proqramı çərçivəsində həyata keçirilir. Qrup ölkəmizdə ikinci dəfədir ki, çıxış edir. Proqramın məqsədi amerikalılar və azərbaycanlılar arasında mədəniyyətlərarası anlaşmanı və dostluğu təbliğ etməkdir.
Xaçmaz şəhərindəki Fəvvarələr bağında təşkil olunmuş konsert proqramı rayon sakinləri, xüsusilə gənclər tərəfindən maraqla qarşılanıb. Qrup konsertdə ən çox sevilən mahnılarını ifa edib.
“Meri Mak Brayd” qrupu Xaçmazdan sonra, Qusar, Quba, Bakı, Salyan, Lənkəran və Naxçıvanda konsertlər verəcək və yerli musiqiçilər üçün ustad dərsləri təşkil edəcək.