SİYASƏT
ABŞ-ın məşhur radiosunda Azərbaycanın tolerantlıq ənənələrindən danışılıb
Vaşinqton, 17 dekabr, AZƏRTAC
ABŞ-da məşhur və olduqca geniş auditoriyaya malik olan “Con Batçelor Şou” radioverilişi canlı yayımda Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov ilə müsahibəsini yayımlayıb. Con Batçelorla yanaşı, müsahibəni ABŞ-da tanınmış ictimai xadim, yəhudi icmasının ən nüfuzlu nümayəndələrindən biri Makolm Hoenlein aparıb.
Verilişin dünya xəbərləri çərçivəsində baş tutmuş müsahibədən əvvəl aparıcı Azərbaycanın mühüm əhəmiyyətli Xəzər dənizi regionunda yerləşdiyi, həmin regionda sabitlik rolunu oynadığı və vacib enerji ölkəsi olduğu diqqətə çatdırılıb.
Müsahibə zamanı Elin Süleymanov Azərbaycanda mövcud olan zəngin tolerantlıq və mültikulturalızm ənənələrindən danışıb, müxtəlif din nümayəndələrinin dinc və həmrəylik şəraitində yaşadığı, ölkəmizdə heç zaman ksenofobiya və ayrı-seçkiliyin olmadığını önə çəkib. Azərbaycan rəhbərliyinin apardığı məqsədyönlü siyasət nəticəsində bu ənənələrin daha da gücləndiyi vurğulanıb. Buna misal kimi bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin öz Tvitter səhifəsindəki “Azərbaycanda heç bir zaman ksenofobiya və ya anti-semitizm olmayıb və heç vaxt olmayacaq” bəyanatı xatırladılıb. Həmçinin E.Süleymanov bildirib ki, bu yaxınlarda səfirliyin həmtəşkilatçı olduğu azadlıq və müxtəlifliyə həsr olunmuş Hanukkah tədbirində Azərbaycanın dünyada tolerantlıq və mənəvi körpü kimi tanınması sayəsində öz aralarında müxtəlif ziddiyyətləri olan dairələr bir araya gəlib. Buna misal olaraq səfir Vaşinqtonda Fələstin Azadlıq Təşkilatı kimi qeydiyyata alınan Fələstin nümayəndəliyinin rəhbəri və İsrail səfirinin tədbirdə birgə iştirakını vurğulayıb.
Bundan sonra E.Süleymanov aparıcının Azərbaycanın xarici siyasəti ilə bağlı suallarına cavab verib və bu xüsusda Böyük İpək Yolu, Azərbaycandan keçən Qərb-Şərq və Şimal-Cənub marşrutları, İsrail-Azərbaycan əlaqələri, Azərbaycan torpaqlarının işğal edilməsi, yeni seçilmiş ABŞ Prezident Administrasiyası ilə əməkdaşlıq, o cümlədən Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı ölkəmizin gözləntiləri barədə məlumat verib.
Qeyd edək ki, “Con Batçelor Şou” gündəlik həyatda aktual olan beynəlxalq hərbi, siyasi və iqtisadi mövzulara həsr olunur, ABŞ-da federal ABC Radio Şəbəkəsinə daxil müxtəlif ştat və şəhərlərdə geniş çeşidli radiokanallar tərəfindən həm canlı, həm də audio yazısı geniş yayımlanır. Həftənin hər günü yayımlanan bu şou ABŞ-da milyonlarla dinləyici auditoriyasına malikdir.
Müsahibəyə bu linkdən qulaq asmaq olar:
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton