DÜNYA
ABŞ-ın müdafiə naziri Çak Heygl istefa verib
Vaşinqton, 24 noyabr, Yusif Babanlı, AZƏRTAC
ABŞ administrasiyası ABŞ-ın müdafiə naziri Çak Heyglin istefa verdiyini elan edib. Administrasiyanın yüksək rütbəli nümayəndəsinin verdiyi məlumata görə, naziri əvəz edəcək şəxsin adı bu yaxınlarda açıqlanacaq və Senat müdafiə naziri vəzifəsində yeni namizədi təsdiqləyənədək Heygl nazir vəzifələrinin icrasını davam etdirəcəkdir. Qeyd edək ki, administrasiya kabineti nümayəndələrinin dəyişməsi aralıq parlament seçkilərindən sonra normal prosedurdur.
Bu ilin noyabrında aralıq parlament seçkiləri respublikaçıların qələbəsi ilə nəticələnib və bundan sonra Respublikaçılar Partiyasından olan qanunvericilər həm Nümayəndələr Palatasında, həm də ABŞ Senatında həlledici əksəriyyətə nəzarət edəcəklər. Çak Heygl Respublikaçılar Partiyasının nümayəndəsi olan yeganə nazir idi.
Lakin Amerika KİV-ləri israr edirlər ki, Heygl “qlobal təhlükələri, o cümlədən özlərini “İraq Şam İslam Dövləti” adlandıran terrorçu qruplaşma və Ebola böhranı təhlükələrini aradan qaldıra bilmədiyinə görə Prezident Obama Administrasiyasının təzyiqi altında istefa verib.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton