DÜNYA
ABŞ-ın şimal-qərb ştatlarının üzləşdiyi “Cuno” qar fırtınası “tarixi” olmağı vəd edir
Vaşinqton, 27 yanvar, AZƏRTAC
ABŞ-ın şimal-qərb ştatlarında “Cuno” qar fırtınası tüğyan etməyə başlayıb. Nyu-Cersi ştatından tutmuş Men ştatına qədər ölkə ərazisini cənginə alan fırtınanın sürəti saatda 100 kilometrə çatır. Fırtınanı “tarixi” adlandıran Nyu-York meri Bill de Blasio şəhər sakinlərini evdən bayıra çıxmamağa çağırıb. Şəhər xidmətləri artıq mərkəzi rayonları qardan təmizləməyə başlayıblar. Hakimiyyət orqanları bildirirlər ki, küçələri təmizləmək üçün yollara 120 min tondan çox duz səpiləcək.
Massaçusets ştatının sahilboyu hissəsində küləyin sürəti saatda 125 kilometrə çatıb, 33 santimetr qalınlığında qar yağıb. Meteoroloqlar fırtınalı hava şəraitinin yanvarın 28-də gecə saat 1-ə qədər davam edəcəyini, 82 santimetr qalınlığında qar yağacağını proqnozlaşdırırlar. Yüz minlərlə amerikalı işıqsız qala bilər. Massaçusets, Nyu-York, Nyu-Cersi, Konnektikut, Pensilvaniya, Rod-Aylend, Nyu-Hempşir ştatlarında fövqəladə vəziyyət elan edilib.
Yanvarın 27-də təqribən 4600 aviareys ləğv edilib. Yanvarın 28-i üçün yüzlərlə uçuş ləğv ediləcək. Nyu-York, Boston və Filadelfiya aeroportları qismən bağlanıb. Bostonda Loqan hava limanı yanvarın 28-nə qədər tamamilə bağlanıb.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton