DÜNYA
ABŞ-ın vitse-prezidenti Latviyaya səfər edib
Riqa, 23 avqust, AZƏRTAC
Latviya Prezidenti Dəftərxanasının mətbuat xidməti bildirir ki, bu gün ABŞ-ın vitse-prezidenti Co Bayden Riqaya gəlib. O, üç Baltik ölkəsinin prezidentləri ilə görüşəcək. ABŞ vitse-prezidentinin, həmçinin Latviya Prezidenti Raymond Veyonis və Baş nazir Maris Kuçinskislə danışıqları nəzərdə tutulur. Co Bayden Riqada olduğu müddətdə Baltik ölkələri əhalisinə ünvanlanan nitq də söyləyəcək.
ABŞ-ın vitse-prezidenti Latviyaya R.Veyonisin dəvəti ilə gəlir. LETA agentliyi qeyd edir ki, xarici siyasət üzrə ekspertlər və politoloqlar bu səfəri NATO-nun Varşava Sammitindən sonra Baltik ölkələri üçün xüsusilə vacib olan ABŞ-ın siyasi dəstəyinin təzahürü adlandırırlar.
ABŞ-ın Demokratlar Partiyasını təmsil edən Co Bayden vitse-prezident postuna 2009-cu ildə təyin edilib. 2011-ci ildə Latviya Prezidenti Valdis Zatlers Vaşinqtonda Co Baydenə II dərəcəli Üç ulduz ordeni təqdim edib.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa