DÜNYA
ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın inaqurasiya mərasimi keçirilib [YENİLƏNİB-2] VİDEO
Vaşinqton, 20 yanvar, AZƏRTAC
ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp və xanımı Melaniya Tramp yanvarın 19-da Vaşinqtona gəliblər. Ənənəyə görə, onlar Ağ Evin yaxınlığında yerləşən “Bleyr Haus” prezident qonaq kompleksində gecələyiblər. Yanvarın 20-də səhər Donald Tramp xanımı ilə birlikdə Vaşinqtonda Müqəddəs İoann Yepiskopal Kilsəsində ibadət mərasimində iştirak edib.
Prezidentlik müddəti başa çatmış Barak Obama və ölkənin sabiq birinci xanımı Mişel Obama onları Ağ Evdə qəbul ediblər. Sonra Barak Obama və Donald Tramp birgə avtomobil karvanının müşayiəti ilə inauqurasiya mərasiminin keçirildiyi ABŞ Konqresinin binasına gəliblər.
Andiçmə mərasiminin rəsmi hissəsində ABŞ Konqresinin Birgə Andiçmə Komitəsinin sədri, Missuri ştatından respublikaçı senator Roy Blant çıxış edib. Əvvəlcə ABŞ-ın yeni vitse-prezidenti Maykl Pens and içib. Donald Trampın andını ABŞ Ali Məhkəməsinin sədri Con Roberts qəbul edib. Donald Tramp sol əlini Bibliyaya qoyub və sağ əlini yuxarı qaldıraraq and içərək deyib: “Mən, Donald Tramp təntənəli surətdə and içirəm ki, Birləşmiş Ştatların Prezidenti vəzifəsini şərəflə icra edəcəyəm, Birləşmiş Ştatların Konstitusiyasını vicdanla qoruyacam və müdafiə edəcəyəm. Qoy Allah mənə kömək olsun!”
45-ci Prezident and içəndən sonra ənənəvi nitq ilə çıxış edib. Yeni Prezident mərasimdən bir gün əvvəl yazı masasının arxasında oturmuş halda fotosunu sosial şəbəkədə paylaşaraq elan edib ki, andiçmə mərasimində spiçrayterlərin deyil, özünün yazdığı nitqlə çıxış edəcək. Prezident D.Tramp Amerika xalqına müraciətində yürüdəcəyi siyasətin seçkiqabağı kampaniya gedişində açıqladığı əsas bəndlərini təkrarlayıb.
Andiçmə mərasimində ABŞ-ın 44-cü Prezidenti Barak Obama və xanımı Mişel Obama, ABŞ-ın 43-cü Prezidenti oğul Corc Buş və xanımı Lora Buş, ABŞ-ın 42-ci prezidenti Bill Klinton və xanımı, seçkilərdə Trampa uduzmuş Hillari Klinton, ABŞ-ın 39-cu Prezidenti Cimmi Karter iştirak ediblər. ABŞ-ın 41-cı Prezidenti ata Corc Buş mərasimə qatılmağa hazırlaşıb, amma səhhətində problemlər yarandığı üçün xəstəxanaya yatırılıb.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton