İQTİSADİYYAT


ABŞ neft hasilatı və istehlakına görə dünya lideridir

Bakı, 14 iyun, Nihad Budaqov, AZƏRTAC

ABŞ ötən il dünya üzrə neft hasilatı və istehlakına görə ilk sırada yer alıb.

AZƏRTAC xəbər verir ki, bu barədə BP-nin hesabatında deyilir. Bildirilir ki, neftin aşağı qiymətindən mənfi təsirlənən ABŞ-ın neft istehsalı 2016-cı ildə əvvəlki ilə görə 3,2 faiz azalma göstərməsinə baxmayaraq, keçən il ölkədə gündəlik orta hesabla 12,35 milyon barrel neft hasil edilib. Beləliklə də, ABŞ üç il ard-arda dünyanın ən çox neft və neft məhsulları istehsal edən ölkəsi olub.

Keçən il Səudiyyə Ərəbistanı gündəlik orta hesabla 12,34 milyon barrel neft istehsal edərək sıralamada ikinci, Rusiya isə sutkada orta hesabla 11,22 milyon hasilat ilə üçüncü yerdə qərarlaşıb.

Dünyadakı ümumi neft və neft məhsulları istehsalının 13,4 faizi ötən il ABŞ-da reallaşıb və ölkə qlobal neft istehlakında yenə də zirvədə olub. Belə ki, ABŞ-ın neft istehlakı 2016-cı ildə əvvəlki ilə görə 0,5 faiz artımla sutkada orta hesabla 19,63 milyon barrelə yüksəlib. ABŞ ötən il dünya əhalisinin 36 faizinin yaşadığı Çin və Hindistanın ümumi neft istehlakından daha çox neft istehlak edib.

Bundan başqa, ABŞ BP-nin neft göstəricilərini hazırlamağa başladığı 1965-ci ildən bu vaxtadək qlobal neft istehlakında ilk sırada qərarlaşır.

ABŞ, həmçinin keçən il qlobal qaz istehsalında da birinci olub. Ölkənin qaz hasilatı aşağı qaz qiymətlərindən mənfi təsirlənərək 2016-cı ildə əvvəlki ilə görə 2,5 faiz azalıb və illik 749,2 milyard kubmetrə enib. ABŞ-ın qlobal qaz istehsalındakı payı isə ötən il 21 faiz olub. Beləliklə də, qaz istehsalında 2009-cu ildə Rusiyanı geridə qoyan ABŞ bu sahədə ard-arda 8 ildir ki, zirvədə yer alır.

Mütəxəssislər, ABŞ-ın neft və qaz istehsalında dünya üzrə liderliyə yüksəlməsinə səbəb kimi 2008-ci ildə şist qazı və nefti inqilabının təsirli olduğunu qeyd edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.