DÜNYA
ABŞ: qaradərili şəxsin polis tərəfindən öldürülməsindən sonra etiraz aksiyaları başlayıb VİDEO
Bakı, 9 aprel, AZƏRTAC
ABŞ-ın Cənubi Karolina ştatında polis özbaşınalığına etiraz edən Afrika əsilli amerikalılar küçələrə çıxıb. Buna səbəb ağdərili polis Maykl Sleycerin 50 yaşlı qaradərili Uolter Skottun qətlinə görə ittiham edilməsi olub.
AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, hadisə ilə bağlı təhqiqatı Federal Təhqiqatlar Bürosu və ABŞ-ın Ədliyyə departamenti aparır.
Qeyd edək ki, bir qədər əvvəl hadisədə şübhəli bilinən Maykl Sleycer əvvəlcə avtomobilini yoxlamaq üçün saxladığı qaradərili kişinin ona hücum edərək elektroşokeri ələ keçirdiyini iddia edirdi. Daha sonra The New York Times qəzeti qaradərili şəxsin qətli zamanı onun silahsız olduğunu və polisin ona arxadan atəş açdığını sübut edən video yayımlayıb. Bundan sonra hökumət qanun keşikçisini xidmətdən azad edib və ona rəsmi olaraq ittiham irəli sürüb.
Maykl Sleycer ilkin məhkəmə dinləmələrində müdafiəsiz qalıb. Belə ki təyin olunmuş vəkil hadisənin təfərrüatlarını öyrəndikdən sonra müştərisindən imtina edib.
Silahsız qaradərili Uolter Skotta arxadan 8 dəfə atəş açan polis indi ömürlük həbs cəzasına məhkum edilə bilər.