REGİONLAR


ABŞ səfiri muxtar respublikanın mədəniyyət müəssisələri ilə tanış olub VİDEO

A+ A

Naxçıvan, 9 sentyabr, Rauf Əliyev, AZƏRTAC

Xəbər verdiyimiz kimi, sentyabrın 8-də Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta Naxçıvan Muxtar Respublikasına səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə qonaq ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini və Heydər Əliyev Muzeyini ziyarət edib.

Muzeyin direktoru Ramin Orucəliyev səfirə bildirib ki, Azərbaycanın müasir dövlətçilik tarixi və Ümummilli Liderin siyasi irsi ilə maraqlanan hər kəs Heydər Əliyev Muzeyinə üz tutur, tədqiqatçılar burada elmi axtarışlar üçün dəyərli məlumatlar əldə edirlər. Belə ki, muzeyin fondunda ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən 4 min 617 eksponat var, kitabxana fondunda isə 589 adda 1202 kitab, jurnallar, albomlar mövcuddur.

Diqqətə çatdırılıb ki, muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 1999-cu il fevralın 18-də imzaladığı Sərəncam əsasında yaradılıb və 1999-cu il mayın 10-da fəaliyyətə başlayıb. Muzeydə ümummilli lider Heydər Əliyevin uşaqlıq və gənclik illərinə həsr olunmuş qiymətli eksponatlar, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrə aid (1991-1993) şəxsi sənəd və materiallar, imzaladığı sərəncamlar, qərarlar, qonşu dövlətlərlə əməkdaşlıq sahəsində imzaladığı müqavilələrin surətləri, həmin illərdə Azərbaycan Respublikasının müxtəlif bölgələrində yaşayan vətəndaşların müraciətləri nümayiş etdirilir.

Ulu öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olduğu dövrdə ABŞ ilə əlaqələrin qurulmasına və inkişaf etdirilməsinə xüsusi əhəmiyyət verdiyini vurğulayan Ramin Orucəliyev qeyd edib ki, həmin dövrdə Bill Klinton ABŞ Prezidenti seçilərkən Ümummilli Lider ona təbrik məktubu ünvanlayıb. 1993-cü ilin mart ayında isə ABŞ-dan Naxçıvana humanitar yardım göndərilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətinin həmin dövrə aid məlumatlarında da bu, öz əksini tapıb. Həmin məlumatlar bu gün Heydər Əliyev Muzeyində saxlanılır.

Səfir “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi ilə də tanış olub.

Naxçıvan şəhərindəki Əcəmi seyrəngahında açıq səma altında nümayiş etdirilən daş abidələr qonağın diqqətini cəlb edib.

Azərbaycan milli memarlığının möhtəşəm abidəsi, Şərq memarlığı incilərindən olan Möminə xatın türbəsi ilə tanışlıq da Robert Sekutada xoş təəssürat yaradıb.

Xan sarayında olarkən “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksinin direktoru Nəzakət Əsədova bildirib ki, saray XVIII əsrə aid tarixi-memarlıq abidəsidir. Bina Kalbalı xan Kəngərli tərəfindən tikdirilib. Şərq memarlığı üslubunda tikilmiş abidə XVIII əsrin ortalarından XX əsrin əvvəllərinədək Naxçıvan xanlarının yaşayış evi olub, bununla yanaşı, xanlığın siyasi iqamətgahı funksiyasını yerinə yetirib. Muzey Naxçıvan xanlığının dövlətçilik tariximizdəki rolu, Azərbaycanın bu ərazisindəki torpaqlarının qorunub saxlanılmasındakı xidmətləri nəzərə alınaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2010-cu il 23 oktyabr tarixli Sərəncamı ilə yaradılıb. Hazırda 8 ekspozisiya zalından ibarət olan muzeydə 900-dən çox eksponat var. Bu eksponatlar içərisində arxiv sənədləri, fotoşəkillər, Naxçıvan xanlarının şəcərəsi, xanlığın xəritəsi nümayiş etdirilir.

ABŞ səfiri Naxçıvan Dövlət Xalça Muzeyi və “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi ilə də tanış olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.