DÜNYA
ABŞ silahlı qüvvələri F-35 təyyarələrini Yaponiyada yerləşdirir
Tokio, 11 yanvar, AZƏRTAC
ABŞ silahlı qüvvələri radarlar tərəfindən çətinliklə qeydə alınan F-35 qırıcı təyyarələrinin Yaponiyanın qərbində yerləşdirilməsinə başlayıb.
NHK televiziya kanalının ABŞ hərbi-dəniz piyadaları korpusuna istinadla yaydığı məlumatda bildirilir ki, yanvarın 10-da 10 ədəd F-35 təyyarəsi Arizona ştatında yerləşən aviabazanı tərk edib. Həmin təyyarələrin bir neçə gündən sonra Yaponiyanın Yamaquçi prefekturasındakı İvakuni bazasına çatacağı və buradakı köhnə FA-18 qırıcılarını əvəz edəcəyi gözlənilir.
Yeni görünməyən qırıcı təyyarələr ilk dəfə olaraq ABŞ-dan kənardakı aviabazaya yerləşdiriləcək. Bu təyyarələr, həmçinin qısa məsafədən havaya qalxma və şaquli enmə qabiliyyətinə malikdir.
Hərbi-dəniz piyadaları korpusunun nümayəndəsinin verdiyi məlumata görə, F-35 qırıcılarından bir neçəsi Okinava prefekturasına göndəriləcək. Bu təyyarələrin həmin ərazidəki təlimlərdə istifadə ediləcəyi bildirilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio