İQTİSADİYYAT
ABŞ şirkətləri Ələtdəki Azad Ticarət Zonasına sərmayə qoymağa dəvət edilib
Bakı, 29 aprel, AZƏRTAC
ABŞ şirkətləri Azad Ticarət Zonasına sərmayə qoymağa və daimi nümayəndəlik açmağa dəvət edilib
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu dəvət ABŞ-ın Vaşinqton şəhərində keçirilən “Transxəzər Şərq-Qərb Ticarət və Tranzit Dəhlizi” adlı forumda iştirak edən Bakı Limanı tərəfindən edilib.
Forum Azərbaycanın, Qazaxıstanın, Türkiyənin ABŞ-dakı səfirlikləri və ABŞ-ın Mərkəzi Asiya-Qafqaz İnstitutu İpək Yolu Təhsil proqramı tərəfindən təşkil edilib. Forumun məqsədi Transxəzər Ticarət və Tranzit Marşrutu boyunca mövcud layihələr və biznes imkanları barədə məlumatlılığı artırmaq, Mərkəzi Asiya, Cənubi Qafqaz və Qara dəniz regionlarının Çin və Avropa arasında strateji əhəmiyyətli mühüm dəhliz olduğunu vurğulamaqdır.
“Dənizdən-dənizə: inteqrasiya edilmiş regional tranzit və logistika infrastrukturu” adlı paneldə çıxış edən Bakı Limanının baş direktoru Taleh Ziyadov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 17 mart 2016-cı il tarixli Sərəncamı ilə təsis edilməsi planlaşdırılan azad ticarət zonası (ATZ) haqqında forum iştirakçılarına müfəssəl məlumat verib. Baş direktor ATZ-nin yaranması ilə Yeni Bakı Limanı (Ələt terminalı) ətrafında nəqliyyat və logistika infrastrukturunun qurulacağı, neft-kimya və farmasevtik klasterlərin yaradılacağı, müxtəlif çeşiddə malların istehsalı, qablaşdırılması, markalanması və sair kimi işlərin həyata keçiriləcəyini bildirib. Taleh Ziyadov ATZ-nin yaradılmasını şərtləndirən xüsusi hüquqi rejimin tətbiqi nəticəsində qısa müddətdə Yeni Bakı Limanına xarici investisiyanın cəlb olunacağını qeyd edib. T.Ziyadov tədbirdə iştirak edən ABŞ şirkətlərini fəaliyyətə başlayacaq Azad Ticarət Zonasına sərmayə qoymağa və daimi nümayəndəliklərini açmağa dəvət edib.
Paneldə eyni zamanda Xəzər dənizi ilə Aralıq və Qara dənizləri birləşdirən inteqrasiya edilmiş regional tranzit və logistika infrastrukturunun perspektivlərindən söz açılıb və beynəlxalq bizneslərin regionun tranzit və logistika mərkəzi – “hub” kimi üstünlüyünün istifadə etmək imkanları vurğulanıb.