DÜNYA


ABŞ tankları və hərbçiləri Polşaya gəlir

Varşava, 13 yanvar, AZƏRTAC

ABŞ-ın yüzlərlə hərbi nəqliyyat vasitəsi və üç mindən çox hərbçisi Polşaya gəlir. “Euronews”un yaydığı məlumata görə, ABŞ hökuməti hərbçiləri yerləşdirməklə və hərbi nəqliyyat vasitələrini göndərməklə Şərqi Avropada NATO müttəfiqlərini sakitləşdirməyə çalışır.

ABŞ hərbçiləri Olşina tərəfdən Polşanın qərb sərhədini keçərək qitənin əsas dislokasiya yerinə -Jaqan şəhərindəki bazaya yola düşüblər. Jaqanda rəsmi görüş mərasimi yanvarın 14-nə nəzərdə tutulur. Polşanın Baş naziri Beata Şidlo və müdafiə naziri Antoni Matsereviç amerikalı hərbi qulluqçulara müraciətlə çıxış edəcək. 

ABŞ-ın tank briqadası Polşada və regionun digər ölkələrində “Atlantic Resolve” əməliyyatı çərçivəsində rotasiya prinsipləri əsasında yerləşdiriləcək. Polşada 3500-dək əsgər, 1000 vahiddən çox hərbi texnika, o cümlədən “Abrams” tankları, “Bradley” maşınları, “Paladin” özüyeriyən qaubitsa olacaq.

Vaşinqtonun bu addımı – on il ərzində Avropada hərbi qüvvələrin daha çox gücləndirilməsi – Prezident Donald Trampın andiçmə mərasiminə bir neçə gün qalmış reallaşdırılır.

Vəzifəli şəxslərin bildirdiyinə görə, hərbçilərin rotasiyası və regionda əlavə hərbi avadanlıq potensial böhran hallarında ABŞ-ın çəkindirmə qüvvələrini və cavab tədbiri görmək qabiliyyətini artıracaq. 

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Varşava 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.