DÜNYA


ABŞ və Çin liderləri Koreya yarımadasında yaranan böhranı müzakirə ediblər

Bakı, 12 avqust, AZƏRTAC

Çin Xalq Respublikasının Sədri Si Cinpin və ABŞ Prezidenti Donald Tramp avqustun 12-də baş tutan telefon danışığının gedişində Koreya yarımadasında yaranan son vəziyyəti müzakirə ediblər.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, telefon danışığı zamanı Si Cinpin Çin və ABŞ-ın yarımadanın nüvəsizləşdirilməsinin reallaşdırılması, həmçinin sabitlik və sülhün qorunması sahəsində ümumi maraqlarının olduğunu qeyd edib.

Çin lideri Pekinin qarşılıqlı hörmət əsasında yarımadada vəziyyətin nizamlanması məsələsi üzrə Vaşinqtonla əlaqələrini davam etdirməyə hazır olduğunu vurğulayıb.

Donald Tramp isə öz növbəsində yarımadadakı böhranın həll olunması istiqamətində Çinin rolunu yüksək qiymətləndirib və ABŞ-ın əsas regional və beynəlxalq məsələlərdə Çinlə əlaqələrini davam etdirməkdə maraqlı olduğunu əlavə edib.

Qeyd edək ki, BMT-nin Təhlükəsizlik Şurasının Şimali Koreyaya qarşı sanksiyaları sərtləşdirməsinə baxmayaraq, KXDR ABŞ təhlükəsi bəhanəsi ilə raket sınaqlarını davam etdirir.

Bir qədər əvvəl Koreya Xalq Ordusunun nümayəndələri Sakit okeanın Quam adasında yerləşən ABŞ-a məxsus hərbi obyektlərə qabaqlayıcı zərbələr vurmaq barədə plan hazırladıqlarını bildiriblər. Rəsmi Pxenyan bu addımın Asiya və Sakit okean regionunda ABŞ ordusunun təxribatının qarşısının alınmasına yönəldiyini vurğulayıb.

Buna cavab olaraq ABŞ-ın Müdafiə Nazirliyi Şimali Koreyanın 20-yə yaxın hərbi obyektinə qabaqlayıcı zərbələrin endirilməsinin mümkünlüyü barədə bəyanat verib. Raketlərin buraxılması üçün istifadə olunan meydançalar, sınaq kompleksləri və köməkçi binalar Birləşmiş Ştatların mümkün hədəfləri arasındadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.