DÜNYA
ABŞ və Koreya Respublikası birgə hərbi təlimlərə başlayıblar
Tokio, 21 avqust, AZƏRTAC
Avqustun 21-də ABŞ və Koreya Respublikasının silahlı qüvvələri Şimali Koreya tərəfindən gözlənilən raket buraxılışı ilə əlaqədar birgə hərbi təlimlərə start veriblər.
AZƏRTAC xəbər verir ki, hər il Koreya Respublikasında təşkil olunan “Ulchi Freedom Guardian” birgə hərbi təlimlərinin avqustun 31-dək davam edəcəyi bildirilir. Təlimlərdə ABŞ-ın 17 min 500, Koreya Respublikasının isə 50 min hərbiçisinin iştirakı gözlənilir.
Cari ildə təlimlər zamanı əsas diqqətin kompüterlərdən istifadə olunmaqla komanda sisteminin əlaqələndirilməsinə yönəldiləcəyi xəbər verilir.
Şimali Koreya həmin təlimlərin başlamasına kəskin reaksiya verib. Bu ölkənin dövlət informasiya vasitələri avqustun 20-də bildiriblər ki, təlimlər regionda vəziyyəti daha da gərginləşdirərək “oda yağ tökmək” təsiri göstərəcək.
Bununla yanaşı, Şimali Koreyanın lideri Kim Çen In Tramp administrasiyasının hərəkətlərinə münasibətdə gözləmə mövqeyi tutacağını bildirib.
ABŞ və Koreya Respublikasının silahlı qüvvələrinin yaydığı məlumatda qeyd edilir ki, təlimlər döyüş hazırlığını yüksəltməyə və Şimali Koreya tərəfindən yol verilə biləcək təxribatlara diqqəti artırmağa imkan yaradacaq.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio