İDMAN
ABU və “Femina Vize” həndbol klublarının oyununu makedoniyalı hakimlər idarə edəcəklər
Bakı, 29 oktyabr, AZƏRTAC
Qadın həndbolçular arasında “Çelenc Cup” turnirinin üçüncü mərhələsinə hakim təyinatları açıqlanıb.
AZƏRTAC xəbər verir ki, avrokuboklardakı yeganə təmsilçimiz ABU-nun qarşılaşmalarını idarə edəcək hakimlər də müəyyənləşib.
Təmsilçimizin noyabrın 12-də Belçikanın “Femina Vize” komandasına qarşı keçirəcək oyununu makedoniyalı hakimlər briqadası idarə edəcək. Matçda İsmail Metalari əsas, Nenad Nikolovski köməkçi hakim olacaq. Ertəsi gün baş tutacaq cavab oyununu da eyni referilər idarə edəcəklər. Hər iki qarşılaşmada Avropa Həndbol Federasiyasının nümayəndəsi israilli Hart İtjak olacaq.
Qeyd edək ki, qarşılıqlı razılığa əsasən hər iki oyun Bakıda keçiriləcək. Lakin ilk oyunda nominal meydan sahibi belçikalılar olacaqlar.